"Neftçi"nin potensial rəqibi avrokuboklardan kənarlaşdırılıb

"Neftçi"nin potensial rəqibi avrokuboklardan kənarlaşdırılıb İsrail Futbol Federasiyasının İntizam Komitəsi "Beytar" klubunu UEFA Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.
Futbol
5 İyun , 2023 20:58
Neftçinin potensial rəqibi avrokuboklardan kənarlaşdırılıb

İsrail Futbol Federasiyasının İntizam Komitəsi "Beytar" klubunu UEFA Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın azarkeşlərinin Netanya "Makkabi"si ilə ölkə kubokunun final oyunundakı (3:0) davranışı səbəb olub.

Fanatlar final fitindən sonra meydançaya daxil olaraq, mükafatlandırma mərasiminin keçirilməsinə imkan verməyiblər. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları İsrail prezidenti İsxak Hersoqu təcili olaraq stadiondan təxliyə etməli olublar.

İnsident səbəbindən "Beytar" 20 000 ABŞ dolları məbləğində cərimələnib və yeni mövsümə -3 xalla başlayacaq. Bundan başqa, analoji hadisə təkrarlanacağı halda İsrail Kuboku klubdan alınacaq.

Yerusəlim təmsilçisi qərardan İsrail Futbol Federasiyasının Ali Arbitraj Şurasına apellyasiya şikayəti verməyə hazırlaşır. Azarkeşlər isə federasiyanı iyunun 19-da AVRO-2024-ün seçmə mərhələsində Andorraya qarşı keçiriləcək matçı boykot etməklə hədələyiblər.

Qeyd edək ki, "Beytar" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamalı idi. Sözügedən komanda bu raundda "Neftçi"nin potensial rəqiblərindən biri idi.

Son xəbərlər

Orphus sistemi