"Neftçi”nin türkiyəli futbolçusu Mert Çelik klubun Mətbuat xidmətinin suallarını cavablandırıb.
"Report" həmin müsahibəni təqdim edir:
- Artıq 4 aydır "Neftçi”dəsiniz. Azərbaycanın ən köklü klubunda özünüzü necə hiss edirsiniz?
- Sanki 4 ay deyil, 4 ildir "Neftçi”nin formasını geyinirəm. Gəldiyim gündən bəri klubun böyüklüyünü hiss edirəm. Bu forma ilə mübarizə aparmaq, bu ailənin üzvü olmaq qürurvericidir.
- Komandaya, şəhərə tam uyğunlaşa bilmisinizmi?
- Klub prezidentinin, məşqçilərin və klubdakı digər çalışanların mənə qarşı isti münasibəti bura uyğunlaşmağımı çox asanlaşdırdı. Özümü evimdəki kimi hiss edirəm. Pandemiya səbəbindən gəzib görə bilmədiyim bu gözəl şəhərin tarixi yerlərini ən qısa zamanda kəşf etməyi arzulayıram. Xüsusilə, işğaldan azad olunmuş Qarabağı görməyi çox istəyirəm.
- Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir. Buna görə də hələ ki "Neftçi” fanatlarını görməmisiniz. Onlar sizə yazıb, əlaqə saxlayırlarmı?
- Ən böyük üzgünlüyüm bu böyük azarkeş ordusu qarşısında oynamamaqdır. "Neftçi” mənimlə maraqlananda azarkeşlərin videolarına baxmağa başladım. Bu məni çox həyəcanlandırdı. Azarkeşlərimiz mənə sosial şəbəkələr vasitəsilə çox dəstək verirlər. Buna görə onlara çox minnətdaram.
- Bu müddət ərzində meydana çıxdığınız 6 çempionat oyununda inamlı təsir bağışlamısınız. Müdafiə xəttindəki daha təcrübəli futbolçularla rəqabətdən çəkinmirsiniz?
- Hər matç daha yaxşı oynamaq və komandama faydalı olmaq üçün çox çalışıram. Təcrübəli futbolçular mənə daim dəstək olurlar.
- Hazırda təlim-məşq toplanışı davam edir. Toplanış necə keçir?
- Hazırlıq yaxşı keçir, çox yaxşı məşq edirik. Çempionatın başlanmasını səbirsizliklə gözləyirəm.
- Hazırlıq çərçivəsində iki sınaq matçı keçirmisiniz və hər ikisində də start heyətində yer almısınız. Öz oyununuzdan, hazırkı formanızdan razısınızmı?
- Həmişə daha yaxşı oynamaq istəyirəm. Hədəflərim böyükdür. Buna görə də çox çalışıram.
- Qarşıdan "Səbail”lə rəsmi matç gəlir. Həmin oyundan nə gözləyirsiniz?
- "Neftçi” kimi böyük komanda rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxır. Komandanın bütün üzvləri hər oyunda qalib gəlmək və çempion olmaq istəyir.
- Azərbaycanın U-21 milli komandasının üzvüsünüz. Üstəlik, keçən ilin noyabrında ilk dəfə əsas milli komandanın düşərgəsinə dəvət olundunuz. Meydana çıxmasanız da, bu dəvət millinin məşqçilər heyətinin diqqətini cəlb etməyiniz anlamına gəlir. Necə düşünürsünüz, milliyə yenə çağırılacaqsınız?
- Əsas milli komandada oynamaq ən böyük arzumdur. Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etmək istəyirəm. Ümid edirəm, əsas milli komandaya yenə dəvət alaram və uzun illər bu müqəddəs formanı uğurla tərlədərəm.