"Məşqlərimiz yüksək səviyyədədir. Ümumiyyətlə, toplanışda fiziki hazırlığa önəm veririk. Hər şey yaxşıdır və məşqlər normal keçir".
"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov klubun rəsmi televiziyasına açıqlamasında deyib.
26 yaşlı hücumçu paytaxt təmsilçisinin yeni forvard axtarmasına da münasibət bildirib. Abbasov hər zaman rəqabətə hazır olduğunu söyləyib: "Həmişə demişəm ki, sağlam və güclü rəqabət hər bir oyunçu üçün yaxşıdır. Bu, futbolçunun özünü daha da inkişaf etdirməsi üçün önəmlidir".
Oyunçu komandanın baş məşqçisi Samir Abasovun onun karyerasına çox təsir etdiyini vurğulayıb: "2018-ci ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, ilin futbolçusu mükafatını alanda da demişdim ki, Samir Abasov məşqçi və insan kimi mənə çox uyğundur. Karyeramda çox önəmli baş məşqçi olub. İlk dəfə məni hücumçu mövqeyində oynadan mütəxəssisdir".