"Neftçi"nin futbolçusu: "Hesab heç-heçə olsaydı, yaxşı oynadığımızı deyən tapılmayacaqdı"

"Neftçi"nin futbolçusu: "Hesab heç-heçə olsaydı, yaxşı oynadığımızı deyən tapılmayacaqdı" Bakı. 25 noyabr. REPORT.AZ/ Neftçinin futbolçusu Emin Mahmudov evdə İnterə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra brifinq keçirib.
Futbol
25 Noyabr , 2017 23:46
Neftçinin futbolçusu: Hesab heç-heçə olsaydı, yaxşı oynadığımızı deyən tapılmayacaqdı

Bakı. 25 noyabr. REPORT.AZ/ "Neftçi"nin futbolçusu Emin Mahmudov evdə "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra brifinq keçirib.

25 yaşlı yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb...

- Ardıcıl 2 məğlubiyyətdən sonra qalib gəlməyi bacardınız. Bu, nəyin hesabına baş verdi?

- Daha çox istək hesabına deyərdim. Çünki 2 məğlubiyyətdən sonra bu oyun çox vacib idi. Üstəlik, "Qəbələ" ilə oyunda uğursuzluq yaşamışdıq. Çoxlu qol imkanı yaratsaq da, fərqlənə bilməmişdik. Bu gün də xeyli epizodumuz oldu, amma yalnız 3 qol vurduq. Halbuki, daha çox qol vura və görüşün taleyini öncədən həll edə bilərdik.

- Amma hesabda 2:1 öndə olduğunuz vaxt daha bir top buraxa bilərdiniz...

- Hesabda 2:0 önə çıxdıqdan sonra bir qədər rahatlaşdıq. Rəqibi sıxmaq əvəzinə təşəbbüsü əldən verdik. Bunun üzərində işləmək lazımdır ki, belə vəziyyətlərdən çıxa bilək və qələbəni əldən verməyək. Heç-heçə olsaydı, yaxşı oynadığımızı deyən tapılmayacaqdı.

- Artıq əsas heyətin daimi üzvüsən. Lazımi formanı yığdığını demək olar?

- Bəli, artıq normal fiziki formadayam. Çoxdan oynamadığımdan, daimi yüklənmə gedir. Hərdən bir qədər ağır olur. Ümumilikdə, özümü yaxşı hiss edirəm.

- Azərbaycan çempionatındakı oyunlar maraqsız görünmür?

- Oyunlar azdır. Daim eyni rəqiblərdir. Amma nə etməli? Hər bir oyuna çıxıb nəticə göstərməliyik. Əlbəttə, daha çox komandanın olmasını, xüsusən, bölgə təmsilçilərinin artmasını istərdik. Çünki bu zaman azarkeş sayı da çox olacaqdı. Amma nə varsa, odur. Ona görə də gələcəkdə Azərbaycan futbolunda yeni komandaların ortaya çıxacağına ümidvaram. Ən əsası odur ki, regionlardan da komandalar olsun. Bölgə futbolu olduqda Azərbaycan futbolu da daha yaxşı səviyyədə olacaq.

- Rusiyadan menecerlərin zəng edərək, yeni klub təklif edirlər? Qış fasiləsində komandanı dəyişməyin mümkündür?

- Açığı, komanda dəyişməkdən yorulmuşam. Üstəlik, hazırda daim oynayıram və belə də davam etmək istəyirəm. Heç yerə getmək niyyətində deyiləm. Müqaviləmin sonunadək çıxış edəcəyəm.

- Azərbaycan yığmasına qayıdış perspektivin necədir?

- Hazırda bu barədə düşünmürəm. Çünki milli komandanın oyunu yoxdur. Hazırda yalnız "Neftçi"yə yuxarı pillələrə qalxmaqda və hər bir görüşü udmaqda kömək etmək fikrindəyəm. Mən də, komanda da yaxşı oynasaq, yığmaya dəvət gözləyəcəyik. İndiki məqamda isə öz klubumu düşünürəm. Yığma barədə fikirləşmək üçün isə hələlik tezdir. Zamanı gələndə düşünəcəyəm.

- Azərbaycan yığmasına yerli baş məşqçinin təyinatını necə qarşıladın?

- Əsas odur ki, yığma üçün yaxşı olsun.

Son xəbərlər

Orphus sistemi