Tahir Gözəl: “Neftçi” ilə oyun mənim üçün bu ilin tarixi oyunu olacaq"

Tahir Gözəl: “Neftçi” ilə oyun mənim üçün bu ilin tarixi oyunu olacaq" "Arzum Çempionlar Liqasının qrupuna düşməkdir"
Futbol
15 Mart , 2017 12:16
Tahir Gözəl: “Neftçi” ilə oyun mənim üçün bu ilin tarixi oyunu olacaq
Tahir Gözəl

Bakı. 15 mart. REPORT.AZ/ "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Hamını maraqlandırır ki, görəsən bu il “Qarabağ”ın avrokuboklarda qrupa qalmağa gücü çatacaq?

- Məncə, buna gücümüz çatacaq. “Qarabağ”a da tam inanıram.

- Reynaldo getdi, Dani Kintana zədəlidir. Bunlara rəğmən inanırsınız?

- Daninin zədəli olması bizim üçün doğrudan da böyük itkidir. Ancaq indi əlimizdə hansı imkan varsa, onunla oynayacağıq. Ən əsası komandadakı atmosfer yaxşıdır, Qurban Qurbanova inanıram.

- Avropa Liqasının, yoxsa Çempionlar Liqasının qrupuna düşəcəyinizə inanırsınız?

- Mənim arzum Çempionlar Liqasının qrupuna düşməkdir.

- Yeni oyunçuların transferi gözlənilir?

- Biz Qurban Qurbanovu eşidirik. Oyunçunu gətirmək özü də ağır prosesdir. Qurban Qurbanov bir neçə oyunçu izləyir və nümayəndələri də göndərib oyunçular üçün. Əgər kimi istəsə biz gətirməyə hazırıq.

- Bu mövsüm “Qəbələ” ilə oyunlarda ajiotaj yaranır. Bu sizi narahat etmir ki?

- Xeyr. Hamımız Azərbaycanı təmsil edirik. “Qəbələ” hər zaman güclü klub olub. Futboldu da olacaq belə şeylər. “Qəbələ” bizə qarşı çox yaxşı oynadı. Son oyunda da yaxşı oynadılar və qazandılar. Bizim aramızda belə bir şeylər olmamalıdır.

- “Qarabağ” və “Qəbələ”nin turnir cədvəlindəki digər komandalarla xal fərqi böyükdür. Sizcə, çempionatımızın da 8 komandalı olması “Qarabağ”ın avrokuboklardakı çıxışına təsir edəcəkmi?

- Əlbəttə ki, təsir edir. Bugünkü imkanlar nədirsə ona görə əlimizdən gələni edəcəyik. Könül istəyərdi ki, ən azı 10 komanda olsun. Məncə, o qədər də pis deyil. “Qəbələ” kimi güclü rəqibimiz var.

- Ölkə kubokunda “Neftçi” ilə oyunlarınız var. Qışdan sonra ən yaxşı formada olan komandaya qarşı görüş haqqında nə düşünürsünüz?

- “Neftçi” ilə oyun mənim üçün bu ilin tarixi oyunu olacaq. Bu matçı böyük həvəslə gözləyirəm.

- Komandanı necə motivasiya edəcəksiniz?

- Bizim öz yollarımız var, hər sirrimizi də demək olmaz (gülür).

- Son turda da “Bakcell Arena”da “Neftçi” ilə qarşılaşacaqsınız. İşdir çempion olsanız, bunu “Neftçi”nin stadionunda qeyd etmək fərqli hisslər yaşadacaq?

- “Neftçi”ni rəqib meydanında məğlub etmək mənə ən böyük zövq verəcək. “Neftçi”yə xəbərdarlıq verim ki, biz bu oyunlarda çox iddialıyıq. “Neftçi” çox yaxşı formadadır. Bu oyunlarda isə möhtəşəm “Qarabağ” görəcəklər. Futbolçularım “Neftçi” - “Qarabağ” oyunları ilə bağlı həssaslığımı bilirlər.

- “Neftçi”yə qarşı oyun “Qəbələ” ilə qarşılaşmadan daha önəmlidir?

-Bəli, mənim üçün həmişə belə olub. Çünki bu oyun şirlərin savaşı olub. Mənim üçün çox maraqlı olacaq.

- Geridə qalan ildə “Qarabağ”ın büdcəsində problemlər yaşanıbmı?

- Bizim heç bir problemimiz yoxdur. Büdcəmiz böyümür, ancaq stabildir. Neft zəngini olan ölkələrin çətinliyini Azərbaycan da yaşayır. Buna baxmayaraq, “Azərsun Holding” böyük fədakarlıq edir. Ancaq Qarabağ adı bizə çox önəmlidir. İndi cəbhədə də savaş var və hərdən şəhid xəbərləri də gəlir. Ona görə də məsuliyyətimizi bilirik və bu günlərdə “Qarabağ”ı yaşatmaq ən önəmli günlərdir. Bunu sponsor da bilir, mən də bilirəm.

Son xəbərlər

Orphus sistemi