"Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş medallarını qazanan və 7 qolla çempionatın 4 bombardirindən biri olan Baqali Dabo yaxın günlərdə mükafatlarına qovuşacaq.
Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, həm medal, həm də mövsümün ən sərrast oyunçusu üçün verilən mükafat qarşıdakı 1-2 gün ərzində karqo ilə Kiprə yola salınacaq.
Mükafatların şəklini şəxsi "Instagram" səhifəsində paylaşan fransalı hücumçu buna görə AFFA və PFL-ə təşəkkür edib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan Premyer Liqada Dabo ilə yanaşı, Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") də 7 qol vurub.