"Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib
Futbol
29 Sentyabr , 2017 17:54
Neftçi cari mövsümdə ilk qələbəsini qazanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyununda "İnter" "Neftçi"ni qəbul edib.

"İnter Arena"da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Görüşün böyük hissəsi "Neftçi"nin üstünlüyü şəraitində keçib. İlk yarıda çoxsaylı hücumlar bəhrə verməsə də, fasilədən sonra qollar vurulmağa başlayıb. 60-cı dəqiqədə Derlis Meza Kolli uzaq məsafədən qüvvətli zərbə ilə hesabı açıb. 72-ci dəqiqədə isə Rəhman Hacıyev təkbətəkdən fərqlənib.

Bununla da "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb. Xallarını 4-ə çatdırmasına baxmayaraq, flaqman elə 7-ci pillədə qalıb. "İnter" isə 8 xalla 4-cüdür.

Qeyd edək ki,turun növbəti görüşü bu gün "Qəbələ" və "Kəpəz" arasında olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 18:30-da başlanacaq. Sentyabrın 30-da "Səbail" "Sumqayıt"ı, oktyabrın 1-də isə "Qarabağ" "Zirə"ni qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi