Nazim Babayev atletikada çıxış etdiyi növü dəyişir

Nazim Babayev atletikada çıxış etdiyi növü dəyişir Azərbaycan atleti Nazim Babayev çıxış etdiyi idman növünü dəyişdirmək istəyir.
Futbol
13 Avqust , 2022 11:11
Nazim Babayev atletikada çıxış etdiyi növü dəyişir

Azərbaycan atleti Nazim Babayev çıxış etdiyi idman növünü dəyişdirmək istəyir.

25 yaşlı idmançı bu barədə "Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

Babayev bu yaxınlarda məşqçisi ilə birlikdə qərar verəcəyini söyləyib: "10 ildən çoxdur ki, üç təkanla tullanma ilə məşğul oluram. Bütün uğurlarım bu növlə bağlıdır. Amma artıq uzunluğa tullanmada özümü sınamaq niyyətindəyəm. Demək olar ki, zədəsiz növdür və burada perspektivlərim yüksəkdir. Beş ay özümü uzunluğa tullanmada sınamağı planlaşdırıram. Böyük ehtimalla qış yarışlarında üç təkanla tullanmada mübarizə aparmayacağam".

Atlet zədə səbəbindən Almaniyanın Münhen şəhərindəki Avropa çempionatına getmək ehtimalının çox az olduğunu vurğulayıb: "Mövsümün əvvəlində İslamiadanı və Avropa çempionatını özüm üçün əsas yarışlar hesab edirdim. Mövsümə də çox yaxşı başlamışdım. Karyeramın ən yaxşı nəticələrini göstərirdim. Təəssüflər olsun ki, Qazaxıstanda keçirilən turnirdə zədələndim. İslamiada onu göstərdi ki, tam bərpa oluna bilməmişəm".

Babayev zədəli ayağının şişdiyini deyib: "Ayağımı yerə qoymaqda çətinlik çəkirəm. 8-ci dəfədir ki, eyni zədə olur. Bu, artıq xroniki zədəyə çevrilir. 2016-cı ildən hər mövsüm eyni halla üzləşirəm. Bu, mənə psixoloji təsir edir. Yarışlarda da özümü göstərə bilmirəm. Ağrılarla turnirlərdə mübarizə aparmaq çətindir. Sözsüz ki, ölkəmi layiqincə təmsil etmək istəyirəm. Bu nüanslara görə təmsil edə bilmirəm. Peşəkar olsaq da, hansısa qərarlar verməliyik".

Son xəbərlər

Orphus sistemi