Sofiya. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bolqarıstanda 17 yaşadək futbolçulardan ibarət (U-17) komandalar arasında Avropa çempionatı - 2018-in seçmə mərhələsi start götürür. Azərbaycan U-17 yığması ilk matçını İrlandiya millisinə qarşı keçirəcək.
Millinin baş məşqçisi Mirbağır İsayev “Report”un Şərqi Avropa bürosuna ilk öncə komandanın hazırlıq prosesindən danışıb.
O millinin 1-7 oktyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçdiyini bildirib:
"Eyni zamanda Serbiya “Partizan”ının 18-19 yaşlılarından ibarət komandası ilə bir yoldaşlıq görüşü keçirdik. Gərgin mübarizə şəraitində keçən oyun 0-0 hesabı ilə başa çatdı. Təlim-məşq toplanışını qənaətbəxş hesab edirəm. Hazırda Bolqarıstandayıq və İrlandiya millisi ilə oyuna hazırlaşırıq".
Mirbağır İsayev oyunöncəsi keçirilən məşq prosesində yetirmələrinə son tapşırıqlarını verib:
"Komanda ilə 80 dəqiqəlik məşq zamanı əsasən taktiki və texniki çalışmalara üstünlük verdik. Rəqibə qarşı müdafiə sisteminin qurulması, topun alınması və saxlanılması, ötürmələr, standart vəziyyətlərdən istifadə və digər çalışmalar üzərində işlədik. Çox şadam ki, millimiz seçmə mərhələyə itkisiz başlayacaq, heyətdə zədəli futbolçular yoxdur. Düzdür komandanın müdafiəçisi Murad Bağırov aldığı zədə ucbatından 1 il yaşıl meydanlardan kənarda qalacaq. AFFA-nın köməkliyi ilə Almaniyada əməliyyat olunan Murad hazırda bərpa dövründədir".
Baş məşqçi İrlandiya, Ukrayna və Bolqarıstan milliləri ilə 11-ci qrupda yer alan Azərbaycan komandasının rəqibləri haqqında fikirlərini bölüşüb, qrupdan elit-raund mərhələsinə çıxacaq millilərin şanslarını dəyərləndirib:
"Asan qrupa düşməmişik. Hər bir komanda güclüdür, futbol ölkəsidir. İrlandiya atletik futbola üstünlük verir, eləcə də Ukrayna futbolu ilə tanışıq. Sürətli keçidlər, cinah ötürmələri və s. Bolqarıstan millisinin oyunlarını izləmişik. Deyə bilərəm ki, Avropa klublarında kifayət qədər futbolçuları var. Hesab edirəm ki, çətin oyunumuz Ukrayna millisinə qarşı olacaq. Futbolçularımızın meydanda mübariz olacağına, xarakter göstərəcəyinə və sonda qələbə qazanıb Azərbaycanı layiqincə təmsil edəcəyinə inanırıq. Sevindirci haldır ki, bu gün U-17 komandamızda çıxış edən futbolçuların hamısı azərbaycanlı uşaqlardır, Moskvanın "Spartak-2" klubundan həmyerlimiz Elnur İbrahimov da milliyə dəvət olunub. Hazırda U-17 millimizdə potensiallı, əsas milli səviyyəsinə qalxan və legioner həyatı yaşaya biləcək futbolçular var. Onların üzərində işləmək lazımdır. İnanırıq ki, qısa zamanda milli komandamıza layiqli futbolçular yetişdirəcəyik".
U-17 millisi qrupda növbəti görüşlərini oktyabrın 13-də Ukrayna, 3 gün sonra isə Bolqarıstana qarşı keçirəcək. İlk iki oyunun fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Meydan sahibi ilə qarşılaşma isə saat 19:30-da baş tutacaq. Azərbaycan millisi hər 3 oyunun Qorno Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda keçirəcək. Qrupda ilk 2 yeri tutan komanda çempionatın elit-raund mərhələsinə vəsiqə qazanacaq. 2018-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatına İngiltərə ev sahibliyi edəcək.