Millimizin qapıçısı: "Yaşlı qadın və kişi görəndə kömək etməyə çalışıram"

Millimizin qapıçısı: "Yaşlı qadın və kişi görəndə kömək etməyə çalışıram" "Həmin vaxt zədəli idim"
Futbol
12 Aprel , 2021 16:55
Millimizin qapıçısı: Yaşlı qadın və kişi görəndə kömək etməyə çalışıram
Rövşən Hüseynli

"Həmin vaxt zədəli idim. Ayağa qalxanda qadının yeri təmizləməyə gəldiyini gördüm".

Bu fikirləri futzal üzrə Azərbaycan millisinin qaspıçısı Rövşən Hüseynli "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda (3:5) xadiməyə qarşı təqdirəlayiq davranışı barədə danışarkən deyib.

30 yaşlı qolkiper bildirib ki, onun yerində istənilən azərbaycanlı olsaydı, eyni hərəkəti edərdi: "Çünki bizim damarımızda azərbaycanlı qanı axır. Öz adət-ənənəmiz, mədəniyyətimiz, ailədə gördüyümüz tərbiyə var. Biz meydanda, ondan kənarda ölkəmizi təkcə idmançı kimi yox, həm də vətəndaş kimi təmsil edirik. Özümüz haqqında insanların beynində normal fikir formalaşdırmaq bizim borcumuzdur. Ani reaksiya idi, gördüm və etdim. Ağlıma başqa fikir gəlmədi. Bəlkə də həmin vaxt meydanda olduğumu da unutmuşam".

Hüseynli normal həyatda da belə olduğunu söyləyib: "Yaşlı qadın və ya kişinin əziyyət çəkdiyini görəndə kömək etməyə çalışıram. Bu, artıq məndə vərdiş halını alıb. Orada da eyni hal yaşandı. Azərbaycan qanı bədəndə tərpəndi və döşəməsiləni qadının əlindən alıb, yeri təmizlədim. Ümumiyyətlə, qadınlara olan münasibətimi dostlarımdan, məni tanıyanlardan soruşsanız, daha yaxşı olar. Fikir bildirsəm, deyəcəklər ki, özünü çox tərifləyir".

Son xəbərlər

Orphus sistemi