Millimizin qapıçısı: "Daxilimdə uduzmayacağımızla bağlı hiss var idi"

Millimizin qapıçısı: "Daxilimdə uduzmayacağımızla bağlı hiss var idi" "Qrupun ən çətin oyununu oynadığımızı demək olar. Bunun da səbəbi var. Bura 4 əsas oyunçumuz olmadan gəldik. Onlar zədəli olduğuna görə bizə kömək edə bilmirdi".
Futbol
196
8 Aprel , 2021 23:20
Millimizin qapıçısı: Daxilimdə uduzmayacağımızla bağlı hiss var idi

"Qrupun ən çətin oyununu oynadığımızı demək olar. Bunun da səbəbi var. Bura 4 əsas oyunçumuz olmadan gəldik. Onlar zədəli olduğuna görə bizə kömək edə bilmirdi".

"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına müsahibəsində səfərdə Slovakiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

30 yaşlı qolkiper bildirib ki, turnir cədvəlindəki vəziyyət rəqibi mütləq qələbə üçün mübarizə aparmağa vadar edirdi: "Səfərdə oynamağımız da sözünü dedi. Fikir verin, Slovakiya yığması ilə Bakıdan kənarda keçirdiyimiz oyunlarda əsasən heç-heçə edirik. Burada əvvəlcə meydan amilini qeyd edərdim. Azarkeş olmasa da, örtüyə öyrəşmək lazımdır. Üstəlik, yol yorğunluğu da təsirini göstərir".

Buraxılan qol haqqında fikirlərini bölüşən təcrübəli oyunçu müdafiədə səhvə yol verdiklərini söyləyib: "Bu komanda ilə Bakıdakı oyunda olduğu kimi, yenə müdafiədə səhvə yol verdik. Onlar da bundan istifadə etdilər. Əsas olan odur ki, intizamı sonadək qoruduq və lazım olan nəticəni əldə etdik".

Hüseynlinin sözlərinə görə, bu gün uduzmayacaqları ilə bağlı sanki daxilində bir hiss var idi: "Ona görə də inanırdım ki, hesabı bərabərləşdirəcəyik. Yəni, vacib olan xal qazanmaq idi, onu da əldə etdik. Buna tək mən yox, komanda olaraq inanırdıq".

Matçın sonlarında zədələnən qapıçı hələ ki ağrı olmadığını deyib: "Oyundan əvvəl ağrıkəsici vurdurmuşdum. Ümid edirəm ki, ciddi zədə olmaz və Yunanıstana qarşı meydana çıxaram".

Qolkiper qrupda Yunanıstana qarşı keçirəcəkləri son oyun üçün də motivasiyalarının olduğunu vurğulayıb: "Bakıda Slovakiyanı məğlub etdikdən sonra özünəinam artdı. Həmin qələbə bizə motivasiya verdi. Moldova ilə səfərdəki oyunda çoxlu səhvlər etdik. Bu gün bunu azaltdıq. Son görüş üçün də motivasiyamız var".

Son xəbərlər

Orphus sistemi