Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır" Milan Obradoviç 2019-2022-ci illərdə Azərbaycanın U-21 yığmasına başçılıq edib. Futbolçu karyerası ərzində Almaniyanın "Borussiya" (Münhenqladbax), Ukraynanın "Metallist" və "Arsenal" (Kyev), həmçinin ölkəsinin "Partizan" klublarında çıxış etmiş serbiyalı
Futbol
20 Dekabr , 2022 15:53
Milan Obradoviç: Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır
Milan Obradoviç

Milan Obradoviç 2019-2022-ci illərdə Azərbaycanın U-21 yığmasına başçılıq edib. Futbolçu karyerası ərzində Almaniyanın "Borussiya" (Münhenqladbax), Ukraynanın "Metallist" və "Arsenal" (Kyev), həmçinin ölkəsinin "Partizan" klublarında çıxış etmiş serbiyalı veteran müdafiəçi məşqçiliyə 2015-ci ildə başlayıb.

Əvvəlcə köməkçi məşqçi kimi fəaliyyət göstərən Obradoviç baş məşqçi kimi ilk təcrübəsini Sloveniya "Koper"ində yaşayıb. Daha sonra Serbiyanın U-17 və U-19 yığmalarına rəhbərlik edən 45 yaşlı mütəxəssis ölkəsinin əsas millisində isə köməkçi kimi çalışıb.

Son iş yeri Azərbaycan olan Obradoviç "Report"a müsahibəsində həm Bakıya bir neçə gün öncəki səfərinin məqsədi, həm də yığmanın özündən sonrakı çıxışı barədə danışıb.

- Bir neçə gün öncə Bakıda qonaq oldunuz. Səfərin sizin üçün məhsuldar keçdiyini söyləmək olar?

- Bakı səfərim artıq başa çatıb. Hazırda Belqradda ailəmin yanındayam. Bəli, səfər çox məhsuldar alındı. İlk növbədə bitirməli olduğum şəxsi işlərimi həll etdim. İkinci məsələ ondan ibarətdir ki, orada çoxlu dostlarım var. Müəyyən müddətdən sonra onlarla çox gözəl nahar və şam etdim. Məni müşayiət etdikləri üçün başda Sərxan Hacıyev olmaqla AFFA rəsmilərinə təşəkkürümü bildirirəm. Səfərdən həqiqətən məmnun qaldım.

- Son vaxtlar adınız "Neftçi" ilə yanaşı hallanır. İddiaya görə, bu komandanın sükanı arxasına keçmək ehtimalınız var. Hətta Bakıya gəlişinizdə "ağ-qaralar"ın "Zirə"yə 0:1 hesabı ilə uduzduğu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu izlədiniz...

- Bəli, "Neftçi"nin oyununu izlədim. Amma Bakıda baxdığım matç yalnız bu olmadı. Adımın bəzi klublarla yanaşı çəkilməsinə gəlincə, buna şərh vermək istəmirəm. Çünki hazırda bütün komandaların öz baş məşqçiləri var. İndiki məqamda nəsə danışmaq real deyil. Bakıda bir çox insanla - məşqçilər, klub prezidentləri ilə ünsiyyətdə oldum. Azərbaycan futbolu, dünya çempionatı, gənc oyunçular barədə danışdıq ki, bu da normal haldır.

- Bakıda başqa kimlərlə görüşdünüz? Məsələn, U-21 yığmasının hazırkı baş məşqçisi Samir Əliyevlə söhbət etmək imkanınız oldu?

- Xeyr, Samir Əliyevlə görüşməyə vaxt qalmadı. Onu uzun müddətdir tanıyıram. Hardasa 7-8 ildir tanışıq. Başa düşürəm, hazırda U-21-də işləmək onun üçün asan deyil.

- Yığma son yoxlama matçında İsveçə 1:8 hesabı ilə uduzdu. Maraqlıdır, həmin oyunu izlədiniz?

- Oyuna baxa bilmədim, amma nəticəni gördüm. Qısa müddətdə 2 oyun keçirmək çox çətindir. Üstəlik, U-21-də Premyer Liqa təcrübəsi olan futbolçu elə də çox deyil. Odur ki, hər iki oyunu eyni səviyyədə keçirmək asan deyil. Bu oyundan əvvəl Macarıstana 0:3 hesabı ilə məğlub olmuşdular. İsveç millisi 2 heyətlə oynadı. Son 20 dəqiqədə əsas oyunçulara şans verdilər. Azərbaycan yığması üçün belə rəqibə qarşı oynamaq çox çətindir. İstənilən matçda məğlubiyyət xoş deyil. Amma mən yığmaya inanıram. Orada keyfiyyətli futbolçular çoxdur. Bundan lazımi nəticələri çıxarmaq lazımdır. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. İlk növbədə mübariz komanda formalaşdırmaq lazımdır. Premyer Liqada gənc oyunçularla bağlı limitin ləğv olunması da yığmanın çıxışına mənfi təsir edir. Fikir vermisinizsə, U-21-in heyətində Premyer Liqada oynayan çox az futbolçu var. Fikrimcə, bu, hazırda yığmanın ən ciddi problemidir.

- Sizin gedişinizdən sonra yığmada nə dəyişib?

- Hər məşqçinin öz fəlsəfəsi var, məşq keçmək üslubu var. Fikrimcə, əsas dəyişiklik ondan ibarətdir ki, hazırda Samir Əliyevin Premyer Liqada limitə düşən futbolçuları götürmək imkanı yoxdur. Çünki artıq limit ləğv olunub.

- Qətərdə başa çatan dünya çempionatı ilə bağlı fikirləriniz necədir?

- Mundialda yarımfinala çıxan 4 komanda ən yaxşı oyununu göstərməsə də, kifayət qədər yüksək səviyyədə oynamağa qadir olduqlarını sübut etdilər. Bu səviyyədə 3 gündən bir oyun keçirmək asan deyil. Dörd yığmanın hər biri əla təsir bağışladı.

- Sizcə, Argentina millisi çempionluğa layiq idi?

- Əvvəlcə onu deyim ki, çox maraqlı final oldu. Fransa millisinin heyətində kifayət qədər gənc futbolçu var idi. Onların bəziləri bir neçə il öncə Azərbaycana qarşı oynayıblar. Həmin oyunçuların arasında perspektiv vəd edənlər çoxdur. Argentinaya gəlincə, bu komanda barədə mənfi fikir bildirə bilmərəm. Bütün oyunları əla keçirdilər. Final oyununda penaltilər seriyasında qalib gəlsələr də, ilk hissədən sonra 2 top fərqi ilə öndə idilər. Amma onu deməliyəm ki, Qətərdəki mundialda Lionel Messinin arxasında duran çox yaxşı komanda var idi. Bu, çox önəmlidir. Düzdür, Leo hərtərəfli futbolçudur, bəziləri onu dünyanın ən yaxşı oyunçusu hesab edir. Həqiqətən də dünyanın ən güclülərindən biridir. Dünya kubokunu qazanmağa layiq idi. Həlledici məqamlara və penaltilər seriyasına daha yaxşı hazırlaşmışdılar, daha konsentrasiyalı idilər. İstənilən halda Messi Messidir. O, futbolu daha sadə və gözəl edə, bir zərbə ilə oyunun taleyini dəyişə bilir.

- DÇ-2022 ilə qrup mərhələsində vidalaşan Serbiya millisinin uğursuzluğunun səbəbini nədə görürsünüz?

- Bu, mənim özümə də maraqlıdır. Serbiya yığmasında hücumameylli futbolçular çoxdur. Komanda seçmə mərhələdə bunun hesabına açıq və baxımlı futbol sərgilədi. Mundialda Braziliyaya qarşı ilk matçı nəzərə almasaq, Kamerunla görüşdə yaxşı oynamağımıza baxmayaraq, qələbəni əldən verdik. İsveçrə ilə görüşdə isə 2:1 hesabı ilə öndə olsaq da, yekunda uduzduq. Düzdür, Serbiyanın dünya çempionatı ilə vidalaşması hamımızı məyus etdi. Amma qrupdakı rəqiblər çox güclü idi. Braziliya bizə qarşı, xüsusilə ikinci hissədə, çox gözəl oyun sərgilədi. Kamerun yığmasının futbolçuları fiziki cəhətdən güclü idilər. Onların bir çoxu Avropada yaxşı komandalarda çıxış edirlər. Onlar Afrika pasportu olan avropalı futbolçulardır. Bu cür yığmalara qarşı oynamaq elə də asan deyil. Bununla belə, bizim üçün böyük təcrübə oldu. Heyətdəki bütün gənclər mundialda oynamaq şansı qazandılar. Komandanın gələcəyi işıqlı görünür. Fikrimcə, inkişaf bundan sonra da davam edəcək. Artıq növbəti dünya çempionatına hazırlaşmaq olar.

Son xəbərlər

Orphus sistemi