Elxan Abdullayev: "AFFA-nın qarşısına bəzi şərtlər qoymuşdum"

Elxan Abdullayev: "AFFA-nın qarşısına bəzi şərtlər qoymuşdum" İlk növbədə, AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, məni bu vəzifəyə təyin etdilər. Azərbaycanın istənilən yığmasında işləmək şərəfdir. Əsas odur ki, ölkəmizi təmsil edirik. Millidə yaxşı, keyfiyyətli iş görməyə çalışacağam.
Futbol
21 Fevral , 2020 18:11
Elxan Abdullayev: AFFA-nın qarşısına bəzi şərtlər qoymuşdum

"İlk növbədə, AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, məni bu vəzifəyə təyin etdilər. Azərbaycanın istənilən yığmasında işləmək şərəfdir. Əsas odur ki, ölkəmizi təmsil edirik. Millidə yaxşı, keyfiyyətli iş görməyə çalışacağam".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın 18 yaşlı futbolçulardan ibarət yığmasına yenicə baş məşqçi təyin olunmuş Elxan Abdullayev deyib.

Təyinatı haqda danışan təcrübəli mütəxəssis bildirib ki, AFFA-nın qarşısına bəzi şərtlər qoyub: "Bu, indinin söhbəti deyil. Hələ 1 ay əvvəl aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit Məşqçilər Komitəsi ilə birlikdə mənim namizədliyimi irəli sürüb. AFFA rəhbərliyinə müraciət edərək, U-18 yığmasında mənim çalışmağımı istədiklərini bildiriblər. Mən də AFFA-nın qarşısına bəzi şərtlər qoymuşdum. Maliyyə ilə bağlı deyildi. Məni ən çox maraqlandıran o idi ki, taleyim necə olacaq, neçə illik müqavilə bağlayacaqlar, işimə nə cür qiymət verəcəklər. Onlar mənə "hə-yox" deməmişdilər. Ona görə təyinat bir qədər yubandı. Mən təklifdən imtina etməmişdim. Düzdür, nə "hə", nə də "yox" demişdim. Bu gün hər şey həllini tapdı, mən də razılıq verdim. AFFA ilə 2 illik müqavilə bağladıq".

Abdullayev əsas məqsədlərinin U-19 yığmasına keyfiyyətli futbolçular verməkdən ibarət olduğunu söyləyib: "U-18 yığmasının olması sevindiricidir. Çünki uşaqlar U-17 millisinin heyətində seçmə mərhələdə oynadıqdan sonra 1 il praktikasız qalırdılar. İndi isə U-18 Millətlər Liqasında iştirak edəcək. Bu isə oyun təcrübəsi deməkdir. Məqsədimiz U-19 yığmasına keyfiyyətli futbolçu verməkdir. Bu, Velebitin sistemidir. Sistemlə işləmək daha rahatdır. Belədə bir-birimizi yaxşı başa düşürük".

Qeyd edək ki, Elxan Abdullayev 2014-cü ildə Azərbaycanın əsas millisində baş məşqçi Berti Foqtsun köməkçisi işləyib. O, müxtəlif vaxtlarda "Qarabağ", AZAL və "Neftçi" klublarına başçılıq edib.

Son xəbərlər

Orphus sistemi