Maksim Medvedev: "Linfild"i keçəcəyimizi indidən iddia edənlər səhvə yol verirlər"

Maksim Medvedev: "Linfild"i keçəcəyimizi indidən iddia edənlər səhvə yol verirlər" Mövsümün ilk oyunu idi. İlk 15 dəqiqə ərzində futbolçular açılışmamışdı. Bundan sonra qol epizodları yaranmağa başladı. Ancaq rəqibin də qol şansları oldu. Maraqlı oyun alındı. Qol epizodlarımızdan yalnız birini dəyərləndirə bildik.
Futbol
119
17 Avqust , 2019 00:00
Maksim Medvedev: Linfildi keçəcəyimizi indidən iddia edənlər səhvə yol verirlər

"Mövsümün ilk oyunu idi. İlk 15 dəqiqə ərzində futbolçular açılışmamışdı. Bundan sonra qol epizodları yaranmağa başladı. Ancaq rəqibin də qol şansları oldu. Maraqlı oyun alındı. Qol epizodlarımızdan yalnız birini dəyərləndirə bildik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur qarşılaşmasından sonra deyib. Komandanı oyuna kapitan kimi çıxaran Medvedev xüsusən ilk yarıda əldə etdikləri imkanlardan faydalanmamalarına diqqət çəkib: "Birinci hissədə qol vursaq da, sayılmadı. Həmin epizodda ofsaydın olub-olmadığını bilmirik. Çünki hələ təkrarına baxmamışıq. İkinci hissədə isə top davamlı şəkildə bizdə oldu, oyunu nəzarətdə saxlayırdıq. Təəssüf ki, yüzfaizlik imkanlardan yararlana bilmədik. Amma sonucda əsası 3 xaldır. Çünki çempionata yaxşı başlamaq lazımdır".

30 yaşlı müdafiəçinin sözlərinə görə, 74-cü dəqiqədə "Keşlə"dən Emin Mehtiyev qırmızı vərəqə alanadək də "Qarabağ" oyun intizamını qoruyub. O, rəqib azlıqda qaldıqdan sonra işlərinin bir qədər rahatlaşdığını söyləyib: "Artıq arxa xəttimizdə o qədər də təzyiq gözləmirdik. "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ən öndəki hücumçunu bir qədər arxaya çəkmişdi ki, komandası çox dağılmasın. Rəqib azlıqda qalandan sonra cəmi bir qol vura bildik".

Aparıcı futbolçu Kipr APOEL-i ilə keçirdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, "Qarabağ" evdə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, səfərdə 2:1 hesabı ilə qalib gəldikləri matça nəzərən Bakıda daha yaxşı çıxış edib: "Epizodlara baxsaq, görərik ki, rəqib qapımıza cəmi 3 zərbə endirə bilib. O qədər də təhlükə olmayıb. Təəssüf ki, cavab görüşündə 2 qol vurdular. Futbol belədir: Yaxşı oynayan komanda hər zaman qalib gəlmir. Biz şanslarımızdan yararlana, iki metrlik məsafədən qapıya qol vura bilmədik. Zərbədən sonra top gah rəqib qapıçıya, ya da kənara gedirsə, demək, bizim günümüz deyildi. Bugünkü matçdakı kimi, 10 zərbəmizdən sonra top qapıya girmədi".

Medvedev Şimali İrlandiya "Linfild"i ilə Avropa Liqasının "pley-off" mərhələsində keçirəcəkləri görüşlərdə eyni halın yaşanmasının qeyri-mümkünlüyünü bildirib: "Bu, qətiyyən ola bilməz. Çünki itkilərimiz var. Riçard Almeyda, Rahil Məmmədov, Filip Ozobiç və Bədavi Hüseynov kimi çox dəyərli futbolçularımız oynamayacaq. "Linfild"i keçəcəyimizi indidən iddia edənlər səhvə yol verirlər. Belə bir şey yoxdur. İlk matçı səfərdə keçirəcəyik, bizi 7 saatlıq yol gözləyir. Rəqib meydanı və azarkeşləri önündə, nisbətən soyuq havada çıxış edəcəyik. İlk matçı maksimum dərəcədə yüksək səviyyədə keçirməliyik ki, Məmmədov və Almeyda kimi cəzalı futbolçularımız Bakıdakı cavab görüşündə bizə lazımınca kömək edə bilsinlər".

Cinah oyunçusu "Linfild"lə səfər matçında müdafiənin mərkəzində çıxış etməsinin mümkünlüyünü də söyləyib: "Bu sualı baş məşqçimizə versəniz, daha yaxşı olar. Amma mümkündür ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edim. Çünki Rahil Məmmədov cəzalıdır. Hərçənd, çoxdandır həmin mövqedə oynamıram".

Medvedev komanda yoldaşı Mahir Emrelinin xaricdə oynama variantına da toxunub: "Mahirin gələcəyinin parlaq olmasını, daha yaxşı klubda oynamasını istəyirəm. Amma bu gün o, "Qarabağ"a lazımdır. İnanmıram ki, qarşıdakı bir il ərzində bizi buraxıb gedəcək. Hücumda bizə ən çox fayda verən oyunçulardan biridir. Maqaye Qegeyə isə adaptasiya üçün bir az vaxt lazımdır. Hələ onda bəzi şeylər alınmır. Amma məşqçilərimiz Qeye üzərində həm fiziki, həm də psixoloji baxımdan daim işləyir ki, özü komandaya daha çox uyğunlaşsın və kömək etsin".

Son xəbərlər

Orphus sistemi