Mahir Mədətov: “Qurban Qurbanov bizə nəyisə bəhanə etməməyi tapşırmışdı” - MÜSAHİBƏ

Mahir Mədətov: “Qurban Qurbanov bizə nəyisə bəhanə etməməyi tapşırmışdı” - MÜSAHİBƏ Torshavn. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov Millətlər Liqasının III turunda Farer adaları yığmasını səfərdə 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra müsahibə verib.
Futbol
12 Oktyabr , 2018 10:00
Mahir Mədətov: “Qurban Qurbanov bizə nəyisə bəhanə etməməyi tapşırmışdı” - MÜSAHİBƏ
0 : 00
0 : 00

Torshavn. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov Millətlər Liqasının III turunda Farer adaları yığmasını səfərdə 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra müsahibə verib.

21 yaşlı hücumçu “Report”un Torshavna ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.


Oyun haqqında fikirləriniz necədir?

- Meydança süni ot örtüklü idi. Buna baxmayaraq, oyundan əvvəl hansı şərtlər altında oynayacağımızı bilirdik. Ona görə də özümüzü buna hazırlamışdıq. Baş məşqçimiz Qurban Qurbanov da matçdan qabaq nəyisə bəhanə etmədən meydana çıxıb mübarizə aparmağımızı tapşırmışdı. Bu gün buradan qələbə ilə qayıtmalı idik. Oyun çox çətin keçdi. Amma istədiyimiz nəticəni əldə edə bildik.

- Oyun epizodunda rəqib futbolçu ilə toqquşdunuz. Qaşınızda açılma oldu, zədəniz ciddidirmi?

- (gülür) Rəqiblə baş-başa toqquşduq. Qaşıma 2 tikiş atılıb, ciddi bir şey yoxdur.

- Malta ilə oyuna qədər hazır ola biləcəksinizmi?

- Maksimum dərəcədə dincəlməyə çalışacağıq. Baş məşqçimiz təyyarədə də bacardığımız qədər dincəlməli olduğumuzu deyib. Bakıda da bərpa olmaq üçün vaxtımız olacaq. Bacardığımız qədər Malta ilə oyuna hazır olacağıq. Doğma meydanda da qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik.

- Fikrinizcə, komandanın oyununa yol yorğunluğunun, yoxsa süni meydanda oynamağın təsiri oldu?

- Daha çox süni meydanda oynamağın oyunumuza təsiri oldu. Çünki baş məşqçimiz burada bizə dincəlmək üçün kifayət qədər vaxt vermişdi. Matçaqədər oynayacağımız topu da dəyişdilər. Biz başqa top ilə məşq etmişdik. Bu amillər oyunumuza təsir etdi.

- Bugünkü nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini demək olarmı?

- Baş məşqçimiz bizə həmişə növbəti oyunu düşünməyimizi deyir. Qarşıda Malta ilə oyunumz var. Həmin oyunda var gücümüzü istifadə edib, qələbə qazanmaq və növbəti oyuna hazırlaşmaq barədə fikirləşirik.

Son xəbərlər

Orphus sistemi