Torshavn. 12 oktyabr. REPORT.AZ/ Farer adaları və Azərbaycan milli komandaları arasında UEFA Millətlər Liqasının oyunu keçirilib.
"Report"un Torshavn şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, "Torsvollur" stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları 28-ci və 86-cı dəqiqədə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub.
Oyuna gəldikdə, hələ start fitinə təqribən iki saat qalmış meydanın üzərini bürüyən duman görüşün baş tutmayacağı ehtimalını yaratsa da, tədricən duman çəkilməyə başlayıb. Bununla belə, qarşılaşma çiskinli hava şəraitində oynanılıb.
Rusiyalı referi Aleksey Yeskovun idarə etdiyi görüşə Azərbaycan millisi daha əvvəl səfərdə Malta ilə keçirdiyi oyunla müqayisədə 3 dəyişikliklə başlayıb: Emin Mahmudov, Rauf Əliyev və Təmkin Xəlilzadəni Araz Abdullayev, Rüfət Dadaşov və Rahil Məmmədov əvəzləyib.
Bundan başqa, Maksim Medvedev ənənəvi sağ cinah müdafiəçisi mövqeyinə çəkilib, mərkəzdə isə ilk dəfə Rahil Məmmədov yer alıb. Araz Abdullayev yarımmüdafiənin solunda, Mahir Mədətov isə sağında qərarlaşıb, mərkəz hücumçusu mövqeyindəki Rüfət Dadaşova Dmitri Nazarov dəstək verib.
Ümumiyyətlə, start heyətində "Neftçi"nin heç bir oyunçusu yer almayıb. İlk "11-lik"dəkilərdən qapıçı və kapitan Kamran Ağayev istisna olmaqla, qalanlarından 6-sı "Qarabağ"dan dəvət alanlar, 4-ü isə legionerlər olub.
Farer adaları yığmasında isə ehtiyat oyunçular skamyasında 12 deyil, cəmi 10 oyunçu yer alıb. Buna səbəb oyunöncəsi 2 futbolçu - Sonni Raqnar Nattestad və Yoqvan Roy Davidsenin zədələnməsi olub.
Qarşılaşma meydan sahiblərinin hücumları ilə başlayıb. Bir epizodda Kamran Ağayev təhlükəli zərbəni dəf edib. Hərçənd, bu zaman yan xətt hakimi ofsayd qeydə alınıb. Azərbaycan millisi isə daha çox əks-hücumlara bel bağlayıb. Qonaq komandanın qapı istiqamətinə ilk zərbəsi 23-cü dəqiqədə qeydə alınıb. Lakin Araz Abdullayevin zərbəsindən sonra top qapının üstündən keçib. Bundan daha təhlükəli zərbəni isə 4 dəqiqə sonra Gilli Sörensen endirib. Bu dəfə də sonluq eyni olub. Əvəzində 28-ci dəqiqədə hesab açılıb. Araz Abdullayevin qapı qarşısına cinah ötürməsindən sonra Mahir Mədətov toru silkələyə bilməsə də, özünü yetirən Riçard Almeyda qüvvətli zərbə ilə qapını dəqiq nişan alıb. Bu, Almeydanın millidə ikinci, rəsmi oyunlarda isə ilk qolu olub. O, daha əvvəl martın 27-də Makedoniya ilə 1:1 hesablı heç-heçə ilə nəticələnən yoldaşlıq görüşündə penaltidən fərqlənib.
Qoldan 3 dəqiqə sonra Farer adaları yığması bərabərlik qolunu vurmaq üçün əlverişli fürsət yaxalayıb. Bu zaman qapıçı Kamran Ağayevin topa çıxarkən iki dəfə yol verdiyi səhvləri müdafiəçilər aradan qaldırmağı bacarıblar. 37-ci dəqiqədə isə Kamran Ağayev təhlükəli hücumun qarşısını almağı bacarıb.
Bundan sonra Azərbaycan millisi tədricən topa sahib olma sarıdan da dönüş etməyə başlayıb. İlk yarı Hallur Hanssonun Qara Qarayevə aqressiv oyuna görə sarı vərəqə alması və Mahir Mədətovun qaşından zədələnərək, hissəni başısarıqlı halda başa vurması ilə yadda qalıb.
Fasilədən sonra isə meydan sahibləri yenidən təşəbbüsü ələ alıblar. 49-cu dəqiqədə Dmitri Nazarov sarı vərəqə alıb. 53-cü dəqiqədə isə Kamran Ağayev ona ötürülmüş topu tutduğu üçün Azərbaycan yığmasının qapısına cərimə meydançası daxilində sərbəst zərbə təyin olunub. Xoşbəxtlikdən, rəqibin zərbəsini dəf etmək mümkün olub.
57-ci dəqiqədə Almeyda referinin qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bundan bir dəqiqə sonra isə rəqib futbolçunun zərbəsi qapının azacıq yanından keçib. 59-cu dəqiqədə meydan sahiblərinin qapısı qarşısına asmadan sonra Rüfət Dadaşov Gilli Sörensenla baş-başa toqquşub. Bu dəfə də həkim müdaxiləsindən sonra hər iki futbolçu matça davam edə bilib. 66-cı dəqiqədə Rene Yonsen kobudluğa görə sarı vərəqə alıb.
Bundan 1 dəqiqə sonra Azərbaycan millisi fərqi artırıb. Dmitri Nazarov Rüfət Dadaşovun ötürməsindən sonra topa saxlamadan dəqiq zərbə endirib - 2:0.
74-cü dəqiqədə oyunda ilk əvəzləmə gerçəkləşib. Lakin dəyişikliyi meydan sahibləri həyata keçirib. Kay Bartalstovun yerini Roqvi Baldvinssona verib. Bundan 1 dəqiqə sonra isə iki komandanın futbolçuları arasında kiçik münaqişə yaşanıb. Qara Qarayevə qarşı kobudluqdan sonra Rüfət Dadaşov komanda yoldaşının müdafiəsinə qalxıb. Baş hakim insident aradan qalxdıqdan sonra Atli Qreqersenə sarı vərəqə göstərib.
78-ci dəqiqədə meydan sahibləri daha 2 dəyişiklik həyata keçirib. Finnur Yustinusseni Klemint Olsen, Hallur Hanssonu isə Heyni Vatnsdal əvəzləyib. Azərbaycan millisi isə 81-ci dəqiqədə hesabı yenidən dəyişdirməyə yaxın olub. Lakin bu dəfə Dadaşovun zərbəsini rəqib qapıçı çətinliklə qaytarıb. 83-cü dəqiqədə Brandur Hendriksen qol vurmağa yaxın olsa da, təkbətəkdən zərbəsi qapıdan azacıq aralı keçib.
Qurban Qurbanov ilk oyunçu dəyişikliyinə 83-cü dəqiqədə əl atıb. Araz Abdullayevi Ruslan Qurbanov əvəzləyib. R.Qurbanov bundan cəmi 2 dəqiqə sonra penalti qazanıb. Ona cərimə meydançası xətti üzərində kobudluq edən qapıçı Qunnar Nilsen isə sarı vərəqə alıb. Penalti zərbəsini Almeyda dəqiq yerinə yetirərək, dubl edib. Braziliyalı legioner qoldan 1 dəqiqə sonra yerini Emin Mahmudova verib. Daha 1 dəqiqə sonra Cavid İmamverdiyev Nazarovun əvəzinə meydana daxil olub. 87-ci dəqiqədə Azərbaycan millisi üçüncü sarı vərəqəni alıb. Maksim Medvedev kobud oyuna görə cəzalanıb. Referi meydan sahiblərindən isə oyun ərzində ümumilikdə 4 futbolçuya "sarı" göstərib. Qalan dəqiqələrdə isə təhlükəli epizod qeydə alınmayıb.
Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanaraq, xallarını 5-ə çatdırıb. Lakin bu qalibiyyət D Liqasının 3-cü qrupunda liderliyə yüksəlməyə yetməyib. Çünki qrupun paralel oyununda Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək, xallarını 7-yə çatdırıb. Bununla belə, 3 xalı olan Farer adalarını geridə qoyaraq, 2-ci pilləyə yüksəlmək mümkün olub. Sonuncu pillədəki Maltanın isə cəmi 1 xalı var.
Elşən MƏMMƏDOV, Farer adaları, Torshavn