Mahir Emreli: "Uels və Xorvatiya ilə oyunlarda xalqımızı sevindirməliyik"

Mahir Emreli: "Uels və Xorvatiya ilə oyunlarda xalqımızı sevindirməliyik" Bu cür hesab gözləmirdik. Çünki həftəçi Şimali İrlandiya “Linfild”i ilə keçirdiyimiz Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra komandamızda yorğunluq var idi. Ancaq bu bəhanə deyil. Əsas odur ki, qələbə qazandıq. Hesabdan da önəmlisi, üç xalı əldə edərək rəqiblərimizdən aralanmağımızdır. Çalışacağıq ki, bunu sona qədər qoruyub saxlayaq.
Futbol
2 Sentyabr , 2019 00:30
Mahir Emreli: Uels və Xorvatiya ilə oyunlarda xalqımızı sevindirməliyik

"Bu cür hesab gözləmirdik. Çünki həftəçi Şimali İrlandiya “Linfild”i ilə keçirdiyimiz Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra komandamızda yorğunluq var idi. Ancaq bu bəhanə deyil. Əsas odur ki, qələbə qazandıq. Hesabdan da önəmlisi, üç xalı əldə edərək rəqiblərimizdən aralanmağımızdır. Çalışacağıq ki, bunu sona qədər qoruyub saxlayaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Mahir Emreli səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

22 yaşlı hücumçu rahat qələbə qazanmaları fikri ilə razılaşmayıb:

"Rahat qələbə olmur. Sadəcə, bəzən bizim günümüz olur, bəzən də rəqibin. Yəqin ki, bu gün bizim günümüz idi deyə, rahat oyun alındı. Ancaq çətinliklərimiz də oldu. Asan oyun olmadı. Psixoloji durum yaxşı olanda, komanda yaxşı yığılanda yaxşı şeylər etmək olur. Təlim-məşq toplanışını da yüksək səviyyədə keçirmişik. Bununla da bağlı ola bilər. "Ötən mövsümkü “Səbail”i bu cür rahat məğlub edə bilərdikmi? Bu haqda nəsə deməyim doğru olmaz".

Emreli "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şansları barədə də danışıb:

"Əvvəlki illərlə müqayisədə indiki rəqiblərin "dişimiz"ə görə olduğunu deyərdik. Amma buna görə oyunlara rahat çıxmağın da zərərlərini görə bilərik. Burada bir nüans var ki, qrupdakı APOEL və "Düdelanj"ı tanıyırıq və onlara qarşı oynamışıq. Düzdür, “Düdelanj”la əvvəllər oynamışıq, hər halda, meydanda onu da görmüşük. Bu da haradasa üstünlüyümüzdür. Əlbəttə, daxilən APOEL-dən revanş almaq hissi ilə alışıb-yanırıq, amma bunu biruzə vermirik. Çalışırıq ki, onlara soyuqqanlı yanaşaq. Çünki həddən artıq istəkli olanda da, bunun ziyanını görə bilərik. Ona görə, soyuqqanlı olmaq lazımdır".

Gənc forvard "Qarabağ"ın qrupda ilk matçını evdə İspaniya “Sevilya”sına qarşı keçirməsinin müsbət və ya mənfi tərəfləri barədə heç vaxt düşünmədiyini söyləyib. O, heç bir komandadan çəkinmədiklərini əlavə edib:

"Rəqib kim olursa-olsun, oynayacağıq. Biz də artıq bir neçə ildir ki, adımızdan söz etdirməyi bacarmışıq. Çıxıb öz oyunumuzu sərgiləyəcəyik".

Emreli Azərbaycan millisinin sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə evdə Xorvatiyaya qarşı keçirəcəyi AVRO-2020-nin seçmə matçları barədə proqnoz verməyi xoşlamadığını da əlavə edib:

"Xalqımız, ölkəmzi üçün oynayırıq. Ən yaxşısını etməliyik ki, onları sevindirək. Məğlub olmağı kim istəyər ki?! Oyundan əvvəl 20-25 gün toplanışda olursan, hazırlaşırsan. Məğlub olanda özümüz də üzülürük, insan özünü çox pis hiss edir".

Son xəbərlər

Orphus sistemi