Mahir Emreli: "Rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm"

Mahir Emreli: "Rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm" "Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm".
Futbol
7 İyul , 2021 23:18
Mahir Emreli: Rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm
Mahir Emreli

"Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm".

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Norveçdə "Budyo Qlimt"ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.

Azərbaycan millisinin hücumçusu bildirib ki, azarkeş dəstəyi olmadan oynamaq çətin olardı: "Buraya gəldiyiniz, bizi dəstəklədiyiniz üçün çox sağ olun".

Sözügedən qarşılaşmada dubl edən 24 yaşlı forvard öz çıxışından razı qaldığını söyləyib: "Yoxlama matçlarında qollar vurmuşdum, amma rəsmi oyunlarda özümü tamam fərqli hiss edirəm. Şadam ki, bunu azarkeşlərimizin gözü qarşısında edə bildim. Artıq bu oyunu unutmalı və öz meydanımızdakı cavab görüşünə hazır olmalıyıq. Ümid edirəm ki, Varşavada daha baxımlı oyun göstərəcəyik".

Emreli "Nəticəni ədalətli saymaq olarmı" sualına bu cür cavab verib: "Açığı, bu barədə danışmaq çətindir. Hər iki komandanın qol şansları oldu. Rəqib evdə oynadığından topa daha çox nəzarət edirdi. Cavab oyununda atmosfer və şərtlər tamam fərqli olacaq. İkinci görüşün ağır keçəcəyini nəzərə alsaq, həmin qarşılaşmaya daha yaxşı hazırlaşmalı və meydanda bütün gücümüzü ortaya qoymalıyıq".

Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənib.

Son xəbərlər

Orphus sistemi