Mahir Emreli: "İrlandiya və Serbiya ilə oyunların ən azı birində qol vuracağam"

Mahir Emreli: "İrlandiya və Serbiya ilə oyunların ən azı birində qol vuracağam" "Hərdən oturub fikirləşirəm ki, İngiltərə Premyer Liqasında çıxış edən futbolçular bəzən həftədə 4 oyun keçirirlər. Onlar bunu bacarırlarsa, mən də bacarmalıyam"
Futbol
6 Oktyabr , 2021 12:19
Mahir Emreli: İrlandiya və Serbiya ilə oyunların ən azı birində qol vuracağam
Mahir Emreli

Polşanın "Legiya" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi

- Artıq bir neçə aydır ki, "Legiya" klubundasınız. Adətən, azərbaycanlı futbolçular ölkə xaricində uyğunlaşma sarıdan çətinliklə üzləşdiklərini deyirlər. Bu proses sizin üçün necə keçir?
- Uyğunlaşma prosesi nornal gedir. Belə tez öyrəşə biləcəyimi mən də gözləmirdim. Çünki ilk dəfə ölkədən kənara legioner həyatı yaşamağa gedirdim. Hər şey yolundadır. Ümid edirəm ki, vaxt keçdikcə daha da yaxşı olacaq.

- Bütün yarışlarda vurduğunuz 10 qolla komandanızın bombardirisiniz. Mövsümə belə sürətli başlayacağınızı düşünürdünüz?
- Heç vaxt nəyisə əvvəlcədən planlaşdırmıram. Nəyin necə olacağını zaman göstərir. Burada da elə oldu. Deyə bilmərəm ki, mövsümə belə başlayacağımı gözləyirdim. Amma ilk gəldiyim gündən məndə özümə inam var idi. Bu inamı sonadək qoruyub saxlamağa çalışıram. Sevindirici haldır ki, qollar da vurur, komandama faydalı olmağı da bacarıram.

- Bir neçə ay ərzində Polşada hansısa çətinliklə qarşılaşmısnız?
- Şəhərdə yaşayışla bağlı bir az çətinliyim olub. Varşava böyük şəhərdir və burada çoxlu tıxac olur. Bu da mənim hərdən daha çox evdə oturmağıma səbəb olur (gülür - T.Q.). Ümumilikdə isə hansısa xüsusi çətinliyim olmayıb. Polşalıların bizə bənzəyən cəhətləri var. Çox istiqanlı və emosional millətdirlər.

- Uzun müddət "Qarabağ"la avrokubokların qrup mərhələlərində oynamısınız. Amma qruplarda ilk qolunuzu məhz "Legiya"nın heyətində Avropa Liqasında İngiltərənin "Lester" klubuna vurdunuz. Sizcə, bunun səbəbi nədir?
- Səbəbini bilmirəm. Yəqin ki, belə olmalı idi. "Qarabağ"da çıxış edəndə qrup mərhələləri zamanı tez-tez zədələnir və bir neçə oyunu buraxmalı olurdum. "Legiya"da isə özümü hərtərəfli yaxşı hiss edirəm və zədələrdən uzaq olacağıma ümidvaram.

- "Qarabağ"ın oyunlarını izləyirsinizmi: Sizin olduğunuz dönəmlə müqayisə etsəniz, hansı komanda daha baxımlı oyun sərgiləyir?
- Bəli, izləyirəm. "Qarabağ" elə klubdur ki, futbolçuları dəyişsə də, sistem və oyun tərzi dəyişmir. Baş məşqçi Qurban Qurbanov da həmişə bu sxemə uyğun futbolçular axtarır. Hazırkı heyəti əvvəlkilərlə müqayisə edə bilmərəm. Sadəcə, ötən mövsüm transferlərdə bir az çətinlik var idi. Bu mövsüm isə görürəm ki, kluba çox keyfiyyətli oyunçular gəlib. Komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram. İnanıram ki, Konfrans Liqasında yüksək nəticələr qazanacaq, çempionatda və ölkə kubokunda "qızıl dubl" edəcəklər.

- Milli komanda oktyabrın 9-da İrlandiyanı qəbul edəcək, 3 gün sonra isə Serbiyanın qonağı olacaq. Həmin qarşılaşmalardan gözləntiləriniz nədir?
- Hansı nəticələri qazana biləcəyimizi indidən deyə bilmərəm. Çünki hər iki komanda çox güclü rəqibdir. Amma hər birinə qarşı oynamaq olar. Biz bunu İrlandiya səfərində və Bakıda Serbiya ilə oyunda göstərdik. Serblərlə görüşdə nəticə ürəkaçan olmasa da, İrlandiya ilə qarşılaşmada nəticəmiz pis olmadı. Ümid edirəm ki, yaxşı nəticələrlə azarkeşlərimizi sevindirə biləcəyik.

- Klubunuzdakı məhsuldarlığınızı millidə çox görə bilmirik. Yığmanın heyətində də qolları sıralaya biləcəksiniz?
- Uzun zamandır ki, millidə qol vurmuram. Bu, əlbəttə, məni narahat edir. Amma yığma elə yerdir ki, hamımız komanda üçün oynamağa çalışırıq və ilk olaraq, millinin nəticəsini düşünürük. Ümid edirəm ki, qarşıdakı iki oyundan ən azı birində fərqlənəcəyəm. İkisində də qol vursam, lap yaxşı olar. Ən başlıca istəyim millinin daha sərfəli nəticə qazanmasıdır.

- Sizin və "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışları millinin oyununa müsbət mənada təsir edə bilərmi?
- Əslində bu suala daha diqqətli cavab vermək istərdim. Çünki milli tamam başqa səviyyədir, "Legiya" və "Qarabağ" tərzində oynamır. Klubumun oynadığı eyni sxemlə çıxış etsək də, tərzdə böyük fərqlər var və oyunçular da fərqlidirlər. Bu baxımdan, bir bağlantı qurmaq istəmirəm. Amma klubda yaxşı oynayanda, nəticə qazananda bu, futbolçulara inam verir, istər-istəməz millidə də əhval-ruhiyyə yüksək səviyyədə olur.

- Millinin oyunları, avrokuboklar, Polşa çempionatı və kubok oyunları ilə bağlı sıx qrafikdə oynayırsız. Polşada komanda sayı Azərbaycandakından çoxdur. Bu, sizə necə təsir edir?
- Bir az çətin gəlir, amma öyrəşməyə çalışıram. Artıq demək olar ki, öyrəşmişəm. Hərdən oturub fikirləşirəm ki, İngiltərə Premyer Liqasında çıxış edən futbolçular bəzən həftədə 4 oyun keçirirlər. Onlar bunu bacarırlarsa, mən də bacarmalıyam. Sıx qrafik olanda baş məşqçi də futbolçuları bir qədər qoruyur. Bəlkə də hər oyuna start heyətdə çıxmamağımın səbəbi budur. Amma ümid edirəm ki, bu vəziyyəti daha yaxşılaşdıraraq, hər oyuna start heyətdə çıxma şansı qazanacağam.

Son xəbərlər

Orphus sistemi