Mahir Emreli: "Baş verənlərə görə qəzəblənirəm"

Mahir Emreli: "Baş verənlərə görə qəzəblənirəm" "Fərdi titullar yox, komandanın birinci yeri tutması barədə ilk növbədə fikirləşirəm"
Futbol
4 Oktyabr , 2021 10:00
Mahir Emreli: Baş verənlərə görə qəzəblənirəm

"Ekstraklasada keyfiyyətli oyuna ehtiyacımız var. Döyüşmədən, qaçmadan bu çempionatda nə isə qazanmaq çətindir. Bütün komandalar hücum etməyi, müdafiə olunmağı bacarır. Üç xal üçün çox səy göstərməlisiniz. Burada ən vacibi sonadək çalışmaq və mübarizə aparmaqdır. Döyüşkən ruh olmasa, bəzən keyfiyyət də kömək etmir".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli X turda səfərdə “Lexiya” (Qdansk) komandasına 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

24 yaşlı hücumçu bildirib ki, məğlubiyyətin səbəblərini izah etmək çətindir: "Baş verənlərə görə üzülür və qəzəblənirəm. Qarşılaşma haqqında çox danışmaq istəmirəm. Oturub səhvləri analiz etməli, işləməliyik. Başqa heç nə deyə bilmərəm".

Emreli digər turnirlərdə çempionatdakından daha fərqli oynadıqlarını etiraf edib: "Matç zamanı da bu barədə düşünürdüm. Cümə axşamı Avropa Liqasında İngiltərə "Lester"inə qarşı mövsümdə ən yaxşı matçlarımızdan birini sərgiləyirik, indi isə zəif təsir bağışlayırıq. Hazırda oyunu təkrar izləmədiyim üçün heç nə deyə bilməyəcəyəm. Meydanda hər şey tam fərqli görünür. Düşünürəm ki, son iki görüşü təhlil etməliyik. Yalnız bundan sonra işimizi davam etdirə biləcəyik. Məğlubiyyətə görə məyusam. Liqada yaxşı vəziyyətdə deyilik. Bunun səbəblərini həqiqətən bilmirəm. Mənim üçün bu barədə danışmaq çətindir".

Forvard oyuna sonradan daxil olmasının səbəbini baş məşqçi Çeslav Mixneviçdən soruşulmasının gərəkliyini söyləyib: "Mixneviç məndən hansı formada olduğumu və durumumu soruşdu. "Lester"lə qarşılaşmada çox çalışdıq. Mən də əlimdən gələni etdim və hələ də sümüklərimdə ağrı hiss edirəm. Amma yenə də baş məşqçinin qərarıdır. Bəzən məni ilk “11-lik”də meydana buraxacaq, bəzən yox. O, oyundan əvvəl məndən soruşdu, özümü bir az yaxşı hiss etmədiyimi dedim, Amma yaxşı təsir bağışladığım matçlar da var. Bir az yorğunluq var idi, çünki bundan əvvəl biz də hər üç gündən bir çıxış edirdik. Üstəlik, Polşa Kubokunda da bir görüş keçirmişdik. Ən azı mənim üçün çox uzun yol idi. Bu, yalnız məşq və ya matçlarla bağlı deyil. Bəzən oyunlara gedib-qayıtmaq üçün çox yol qət etməli oluruq. Bu da insanı yorur. Təbii ki, bəhanə etmirik. Baş məşqçi nə vaxt heyətə daxil etsə, yüz tam gücümüzlə oynamalıyıq".

Emrelinin sözlərinə görə, Polşada bombardir olmaq Azərbaycandakından çətin olacaq: "Liqanın səviyyəsi burada daha yüksəkdir və hər matç bir maneədir. Amma fərdi titullar yox, komandanın birinci yeri tutması barədə ilk növbədə fikirləşirəm. Bombardir titulunu qazanmaq yaxşı olar. Lakin Polşa çempionluğunu əldə etmək daha vacibdir. Bunu bacarmasaq, bombardir olmağın mənası yoxdur".

Qeyd edək ki, Mahir Emreli indiyədək Ekstrakalasada 2, ölkə kubokunda və Superkubokda 1, avrokuboklarda 6 qol vurub.

Son xəbərlər

Orphus sistemi