Bakı. 15 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike komandanın Çempionlar Liqasının ilk ¼ final oyununda "Yuventus"a məğlub olmasının (0:3) səbəblərini açıqlayıb.
"Report" xəbər verir ki, o, həmçinin azarkeşlərdən "göy-qırmızılar"ın futbolçularını fitə basmamağı xahiş edib.
"Mənim azarkeşlərə tövsiyəm - öz fitlərini mövsümün sonunadək təxirə salsınlar. Fit səsi mənim tarazlığımı pozmasa da, oyunçulara mənfi təsir göstərə bilər. Fanatların onları dəstəkləməsini istəyirəm. Hesab etmirəm ki, indi mənim üçün ən pis vaxt yetişib. Mən artıq hər şeyə öyrəşmişəm. Heç vaxt öz taktikama şübhə etməmişəm. Turində mən heç bir taktiki səhv etməmişəm. Oyunda bir çox şeyi uğur həll etdi. Əgar tale bizim üzümüzə gülməsə, hər şey pis qurtaracaq. Bizim qapını nişan almağımız üçün çox məqamımız oldu, lakin vurmaq alınmadı və rəqib buraxdığımız səhvlərdən çox yaxşı istifadə etdi. "Yuventus" bir oyunda çox qol buraxmır, lakin onların "Napoli" ilə oyunlarını da unutmaq olmaz. Risk edəcəyik, lakin, həmişə olduğu kimi, ağıl ilə. Biz PSJ ilə oyundakına nisbətdə bir qol az vurmalıyıq", - deyə "Goal" portalı baş məşqçinin sözlərini sitat gətirib.