Bakı. 21 dekabr. REPORT.AZ/ Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç azərbaycanlı futbolçu Rauf Əliyevin komandadan ayrılma səbəbini açıqlayıb. "Report"un məlumatına görə, serbiyalı mütəxəssis keçirdiyi mətbuat konfransında 28 yaşlı hücumçunun ümidləri doğrultmadığını bildirib.
"Əliyev "Kukesi"yə vəziyyəti dəyişmək üçün gəlmişdi. Amma o, gözləntilərimizi vermədi" deyən 49 yaşlı baş məşqçi təcrübəli forvarda gələcək karyerasında uğurlar arzulayıb. Milinkoviçin fikrincə, Əliyev yaxşı oyunçu olsa da, Albaniya çempionatı səviyyəsində deyil. O, hücumçu mövqeyində artıq albaniyalı Sindri Quriyə güvəndiklərini açıqlayıb: "Quri bütün oyunlarımızda çıxış edib və əsas heyətdə çıxış etməyə layiq olduğunu sübuta yetirib. Ona görə də Əliyevin yoxluğu hiss olunmayacaq. Qış fasiləsində böyük dəyişiklik gözləmirik. Öz komandama inanıram".
Qeyd edək ki, Rauf Əliyev yayda "Keşlə"dən keçdiyi "Kukesi"ni öz istəyi ilə tərk etdiyini bildirib.