"Barselona"nın argentinalı hücumçusu və komandanın kapitanı Lionel Messi 2019-cu ilin nüfuzlu "Qızıl top"unun sahibi olacaq.
"Report"un məlumatına görə, bu barədə "Transfermarkt" bildirib.
Qeyd edilir ki, qalibin müəyyən edilməsi ilə bağlı səsvermə noyabrın 9-da başa çatıb. Alman portalı argentinalı oyunçunun əldə etdiyi mükafatların yenilənmiş statistikanı açıqlayıb. Bu siyahıya "Qızıl top" - 2019 da daxildir.
Məlumata görə, mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.
Ötən gün "Barselona" Messi fərqlənməsi ilə Çempionlar Liqasının qrup mərhələsinin beşinci tur matçında "Borussiya"ya 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Messi beş dəfə "Qızıl top"un sahibi olub.
Lionel Messi 34-cü klubun qapısına qol vuraraq Çempionlar Liqasında rekorda imza atıb. Hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun Dortmundun "Borussiya" komandası ilə matçda fərqlənib. Messi bu nəticə ilə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu və "Real"ın sabiq hücumçusu Raul Qonsalesi qabaqlayıb. Həmin hücumçular Çempionlar Liqasında 33 kluba qol vurublar.