Bakı. 26 sentyabr. REPORT.AZ/ "Bura gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm".
Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Veteran futbolçu digər sualları da cavablandırıb...
- "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?
- Meydanda olanda hər şey özündən asılıdır. İlk öncə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.
- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız?
- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm.
- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsınız?
- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.
- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?
- Neymar böyük oyunçudur. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "Qızıl top" ala bilər.