“Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Paltardəyişmə otağında demişdim ki, 1-2 fürsətimiz olacaq. Bu imkanlar ələ düşdü, istifadə edə bilmədik. Belə rəqiblə görüşdə yaxşı qapıçın və bir balaca da uğurun olmalıdır. Bu gün uğur bizim yanımzda idi”.
"Report"un məlumatına görə, bunları “Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Qarabağ”la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Ruslan Abışovun dönüşü nə vaxta gözlənilir?
- Ruslanın zədəsi əvvəldən var idi. İkinci məşqdən sonra əzələ zədəsi özünü göstərməyə başladı. Topa 100 faiz zərbə vura bilmirdi. Qərara gəldik ki, müalicə müddəti davam etsin. Zədəyə görə narahatlıq keçirirdi, bu da psixoloji problemə çevrilmişdi. Artıq yavaş-yavaş komandaya qoşulur. İstəmirik ki, birdən-birə oynasın, yenidən zədələnmək riski olsun.
- Nəticə ürəyinizcə oldu?
- “Qarabağ”da Zubir, Romero kimi ekstra keyfiyyətə sahib oyunçular var. “Zirə” kimi açıq futbol oynasaq, 0:6 hesabı qaçılmaz olar. Belə oyunda qapıçımız 2-3 real qolun qarşısını ala bilməsəydi, böyük problemimiz olardı. Şansımız gətirdi ki, qapımızda Saşa Stamenkoviç kimi qapıçı dururdu. Meydana daxil olanda təkcə bizim yox, “Qarabağ” oyunçuları üçün də bəzi məsələlər qaranlıq olur.
- Sayılmayan qol barədə nə deyə bilərsiniz?
- Hakimlik barəsində heç vaxt danışmıram. Biz baş məşqçiyik, hakim deyilik ki, onların səhvləri barədə danışaq. Referi deyibsə ki, qoldur, deməli, qoldur. Deyilsə də, qərara hörmətlə yanaşmalıyıq.