İngiltərə Premyer Liqasının XXXIII turunda “Tottenhem” Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nottinqem Forest”i qəbul edib.
“Report” xəbər verir ki, “Tottenhem Hotspur Stedium”da baş tutan oyunu baş hakim Piter Benks idarə edib.
Matçın 5-ci dəqiqəsində “meşəçilər”in yarımmüdafiəçisi Elliot Anderson ev sahiblərini məyus edib. 16-cı dəqiqədə qonaqları üstünlüyü artırıblar. Bu dəfə hücumçu Kris Vud qapıçı Qulyelmo Vikarionu məyus edib.
Angelos Postekoqlunun yetirmələrinin gücü isə bir qola çatıb. 87-ci dəqiqədə braziliyalı forvard Rişarlison qollardan birinin əvəzini çıxaraq yekun hesabı müəyyənləşdirib - 1:2.
Beləliklə, 33 oyundan sonra 16-cı pillədə qərarlaşan paytaxt təmsilçisinin cəmi 37 xalı var. Bu, “mahmızlar”ın 18-ci məğlubiyyəti olub. Komanda sonuncu dəfə 2003/2004 mövsümündə bu qədər uduzmuşdu. “Tottenhem” həmin vaxt mövsümü 19 məğlubiyyətlə başa vurmuşdu.
33 oyundan sonra 60 xala malik “Nottinqem Forest” üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın ən yaxın təqibçiləri “Nyukasl” (59 xal), “Mançester Siti” (58), “Çelsi” (57) və Aston Villa”dır (57). Eyni zamanda, Nunu Santunun yetirmələrini ikinci pillədə qərarlaşan “Arsenal”dan 6 xal ayırır.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının lideri Arne Slotun başçılıq etdiyi “Liverpul”dur (79 xal). “Topçular”ı 13 xal qabaqlayan “qırmızılar” növbəti turu 3 xalla başa vurarsa, 20-ci çempionluğunu rəsmiləşdirəcək.







