İlqar Qurbanov: "Düşündüm ki, bu yolla milliyə kömək edə bilərəm"

İlqar Qurbanov: "Düşündüm ki, bu yolla milliyə kömək edə bilərəm" Futbol üzrə Azərbaycan millisində skaut vəzifəsinə təyin olunmuş İlqar Qurbanovun "Report"a müsahibəsi
Futbol
5 Yanvar , 2021 13:52
İlqar Qurbanov: Düşündüm ki, bu yolla milliyə kömək edə bilərəm
İlqar Qurbanov

Futbol üzrə Azərbaycan millisində skaut vəzifəsinə təyin olunmuş İlqar Qurbanovun "Report"a müsahibəsi

- Yeni təyinatınız münasibətilə sizi təbrik edirəm. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Təbriklərə görə çox sağ olun. 4-5 ay idi klubsuz qalmışdım. Karyeramla bağlı hərtərəfli fikirləşirdim ki, nə edə bilərəm. Futbolla bağlı bəzi planlarım var idi. Federasiyaya baş vurdum, Elxan Məmmədovla danışıqlarımız oldu. Bir müddət sonra bu vəzifəyə təyin olundum.

- Yəni, təşəbbüs sizdən gəldi. İdeyanızı necə qarşıladılar?

- Danışdıq, ola biləcəyini dedilər. Millimizdə skaut vəzifəsi yox idi. Düşündüm ki, bu sahədə fəaliyyət göstərib, kömək edə bilərəm. Öz ideyalarımı, gələcək planlarımı bildirdim. Sağ olsunlar, müsbət qarşıladılar. Müəyyən vaxtdan sonra isə təyinat gerçəkləşdi.

- Artıq sizinlə müqavilə imzalanıb?

- Bəli, 1 illik müqavilə bağladıq.

- Millidə əsas funksiyalarınız nədən ibarət olacaq?

- Mənim işim futbolçuları izləmək, istedadlı oyunçuları üzə çıxarıb, onları federasiyaya, millinin məşqçilərinətəklif etməkdir. Yekunda hər şeyə baş məşqçi qərar verəcək. Harada yaxşı azərbaycanlı,Azərbaycan əsilli futbolçu varsa, onları tapıb izləməliyəm. Bunlar bir günün işi deyil. Oyunçuları aylarla diqqət mərkəzində saxlamalısan. Sağlam qərar vermək lazımdır.

- Bilirsiniz ki, bu iş üçün ölkə xaricində güclü əlaqələriniz olmalıdır...

- Əlaqələr var, getdikcə bunu daha da genişləndirəcəyəm. Ümid edirəm ki, uğurlu alınacaq. Futbolun içindən çıxmışam, yəqin, çətinlik çəkmərəm.

- İşə yenicə başlasanız da, yəqin, gözaltı etdiyiniz futbolçular var...

- Bəli, baxdığım, izlədiyim futbolçular var. Hələ ki, onlarla bağlı danışıqlar aparıram. Məsələ tam dəqiqləşəndən sonra futbolçuların kimliyi bilinəcək. Bu işdə yeniyəm, yavaş-yavaş axtarışlara başlamışam. Yerli futbolçularımızı da əcnəbi klublara təklif etməliyəm. İstəyirəm ki, ölkə xaricində oynasınlar.

- Axtarışlarınız daha çox hansı ölkələrdə olacaq?

- Bu, elə işdir ki, hər yerdə - Türkiyədə, Rusiyada, Almaniyada, Avstriyada, Niderlandda və digər ölkələrdə ola bilər. Ümumiyyətlə, bu, geniş müzakirə olunmalı mövzudur.

- Maraqlıdır, millinin baş məşqçisi Canni De Byazinin bu ideyaya münasibəti necə oldu?

- De Biazi Bakıda deyil. Onunla hələ görüşməmişik. Amma digər məşqçilər danışmışam. De Byazi qayıdandan sonra onunla da söhbətimiz olacaq.

- Futbolçu karyeranızı nə vaxt bitirdiniz?

- 2020-ci ilin avqustunda klubsuz qaldım. Bundan sonra futbolla vidalaşmaq qərarına gəldim. Əslində 1-2 il də oynaya bilərdim. Amma pandemiyaya görə futboldan ayrı düşdüm. Artıq 35 yaşım var. Bu yaşda bərpa olunmaq istər-istəməz çətin olur. Hərtərəfli düşünüb qərar verdim.

- Berti Foqtsun dövründə milli komandadan xoşagəlməz hadisə nəticəsində kənarlaşdırılmışdınız. Artıq yığmada çalışırsınız. İndi siz özünüz bu məsələyə necə yanaşırsınız?

- Bəli, arzuolunmaz hadisə idi. Məncə, baş məşqçi milli komandaya köməyi dəyən futbolçu ilə prinsip aparmamalıdır. Bu cür şeylərdə bir az daha yumşaq olmalıdır. Foqtsdan sonra yığmada heç bir oyunçu belə problemlə üzləşməyib. Baş məşqçi elə etməlidir ki, vəziyyət bu həddə gəlib çatmasın.

Son xəbərlər

Orphus sistemi