AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, toplantıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində baş verənlərlə əlaqədar tədbirlər görülüb.
“Qarabağ” komandası ilə ev oyununda AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün “Qəbələ” klubu 800 manat cərimə olunub.
Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Keşlə” oyunu bir sıra qüsurlarla yadda qalıb. Bildirilir ki, görüş zamanı pirotexniki maddələrdən istifadə olunub, diktor məlumatları vaxtında verməyib. Bu halların hər biri meydan sahiblərinə 800 manat cərimə bahasına başa gəlib. Daha 400 manat cərimə isə yanğınsöndürən nümayəndənin təyin olunan vaxtda iclasda iştirak etməməsi ilə əlaqədar kəsilib.
“Keşlə” isə klub nümayəndəsinin təyin olunan vaxtda iclasda iştirak etməməsi və 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ümumilikdə 1 600 manat cərimələnib.
Nəhayət, “Neftçi” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə" klubu 800 manat cərimə olunub.