Foqts Klinsmannın ABŞ millisindən qovulmasını narazılıqla qarşılayıb

Foqts Klinsmannın ABŞ millisindən qovulmasını narazılıqla qarşılayıb "O, cənnətdə yaşayır"
Futbol
6 Dekabr , 2016 09:58
Foqts Klinsmannın ABŞ millisindən qovulmasını narazılıqla qarşılayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Yurgen Klinsmannın ABŞ yığmasından qovulmasının səbəblərini şərh edib. "Report"un məlumatına görə, 69 yaşlı mütəxəssis bu qərardan narazılığını bildirib.

O deyib ki, 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Meksikaya 1:2, Kosta-Rikaya isə 0:4 hesablı məğlubiyyət dünyanın sonu kimi qəbul olunub: "Halbuki ABŞ yığmasının il ərzində göstərdiyi nəticələr nəzərə alınmadı. Faciəvi haldır, çünki bu komanda tarixi ərzində ən yaxşı ilini keçirmiş, iyunda Amerika Kubokunda parlaq çıxış edərək, yarımfinaladək irəliləmişdi".

Foqtsun fikrincə, Klinsmann ABŞ futbolundakı inkişaf prosesindən razı olmayıb. Yəni, 52 yaşlı mütəxəssis həm özünə, həm də yerli assosiasiyaya qarşı tənqidi mövqedən yanaşıb, sui-istifadə hallarına qarşı çıxıb: "Bu da Yurgenin "ölüm"ünün səbəbi oldu. Klinsmann əsasən, qurumun təşkilati işlərindəki çatışmazlıqlardan narazı olub. Təsəvvür edin: günün ikinci yarısında həm yığmanın, həm də məsələn, Bundesliqa oyunu olurdu. Absurddur, amma təsəvvür etmək mümkün deyil, amma bu, ABŞ-da baş verirdi".

Klinsmann Bundesliqadan yığmaya daha çox oyunçu çağırdığı üçün də tənqid olunub. Amma Foqts belə tənqidlərlə razılaşmayıb: "Kim formada idisə, o da milliyə dəvət alırdı. Məsələn, 24 yaşlı hücumçu Bobbi Vud inanılmaz dərəcədə sürətli oyunçu idi. Yaxud 17 yaşlı Kristian Pulişiçdə böyük istedad var idi. Klinsmann ən yaxşı oyunçuları istəyirdi. Bundesliqadan 6 futbolçunun milliyə çağırılmasının nəyi pisdir? Xatırlayıram ki, özüm yığmada baş məşqçi olanda İtaliya A Seriyasından 9 futbolçu dəvət edirdim".

Foqts Klinsmanna yayda İngiltərə yığmasından təklif olduğunu da etiraf edib: "Biz bu barədə danışmışdıq. Yurgen daha çox qazana bilərdi. Amma o, müqaviləsinin davam etməsini istədi. İndi isə Klinsmann Kaliforniyada həyatdan zövq ala bilər. O, cənnətdə yaşayır".

Qeyd edək ki, Azərbaycan yığmasında 2008 - 2014-cü illərdə baş məşqçi kimi çalışmış Berti Foqts ABŞ millisində Yurgen Klinsmannın məsləhətçisi olub. Klinsmann istefaya göndəriləndə Foqts da Amerikanı tərk edib.  

Son xəbərlər

Orphus sistemi