Bakı. 10 may. REPORT.AZ/ FİFA İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçməklə futbol tarixinin ən bahalı transferi adına sahib çıxan Pol Poqbanın keçidi ilə bağlı araşdırma başladıb.
"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi təşkilatdakı mənbəyinə istinadən məlumat yayıb.
Fransız yarımmüdafiəçi Pol Poqba 2016-cı ilin yayında 105,2 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunub. Hələlik FİFA-nın transferin hansı bəndini araşdırdığı aydın deyil.
Poqbanın rekordu yaxın gələcəkdə başqa bir keçidlə qırıla bilər. Belə ki, elə həmin "Mançester Yunayted" "Barselona" klubunun braziliyalı qoleadoru Neymarı 200 milyon avroya almaq qərarına gəlib. Mankunianlar, həmçinin braziliyalının əmək haqqını iki dəfə artırmağa - bonuslar və mükafatlar hesaba alınmadan ildə 25 milyon avro ödəməyə hazırdır.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin analitikləri Neymarın dəyərini 246,8 milyon avro məbləğində qiymətləndirir. Analitiklərin fikrincə, dəyərinə görə ikinci "Barselona"nın digər futbolçusu Lionel Messidir - 170,5 milyon avro. Poqba isə 155,3 milyon avroluq dəyərlə ilk "üçlüyü" qapayır.