"Rəqibin heyətində heç bir futbolçunu ayrılıqda analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var. Bu oyunda da bizə qarşı yaxşı oynayacaqlar".
"Report"un məlumatına görə, bunu futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi müdafiədə yaxşı oynayır: "Amma yarımmüdafiə xəttində də pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah meydana da bu düşüncə ilə çıxacağıq".
Təcrübəli baş məşqçi yalnız qələbə haqqında düşündüklərini söyləyib: "Qrupda mübarizə son turadək davam edəcək. Xal itirsək, qrupdan çıxmağı necə düşünə bilərik?. Bakıda məğlub olmaq barədə fikirləşmirik. Qarşıda finala bərabər 4 oyunumuz var. Serbiya ilə noyabrın 14-dəki görüş həlledici olacaq".
Santuş ehtiyatlı oynayacaqlarını gizlətməyib: "Meydanda dinamik olmalıyıq. De Byazi Avropa çempionatına çıxardığı Albaniya millisinin sükanı arxasında heç vaxt böyük hesabla uduzmayıb. Ümid edirəm ki, sabah hər şey fərqli olacaq. Azərbaycan millisi asan komanda deyil. İlk matçda bizə necə çətinlik yaratdıqlarını gördük. Rəqibə imkan verməsək, qələbə qazana bilərik".
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.