İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, ölkə başçısının ötən gün idman ictimaiyyəti ilə görüşünə toxunub:
"Artıq 27 ildir bu ənənə davam edir. Mən elə ölkə tanımıram ki, hər dəfə ilin sonunda Prezident idmançılarla görüşsün, onları mənzillərlə təltif etsin. Prezidentin də qeyd etdiyi kimi, ilin ən vacib yarışı Yay Olimpiya Oyunları idi. Bunu Tokio olimpiadası ilə müqayisə etsək, həmin vaxt qızıl medalsız qaldığımızı deyə bilərik".
F.Qayıbov Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunları barədə danışıb:
"Bu il iki qızıl mükafat əldə etməyimiz və ilk dəfə medal sıralamasında 30-cu olmağımız çox yaxşı nəticədir. Bütün ölkələr pandemiya dövrü keçib. Bəzi idmançılarımız karyeralarını bitiriblər. Yeni idmançılar üzə çıxmağa başladı. Onların yüksək səviyyəyə çatması üçün vaxt lazımdır. Biz həm də ilk dəfə olimpiadada 15 idman növündə təmsil olunurduq. Batut gimnastikasını xüsusi qeyd etmək istəyirəm. Hər dəfə bunu vurğulayıram. Düzgün iş getsə, nəticə qazanmaq olar. Mən də Azərbaycan Gimnastika Federasiyasında çalışmışam. Babut gimnastikası 2014-cü ildən inkişaf etməyə başladı. Həmin vaxt ölkəmizi Rusiyada böyümüş idmançı təmsil edirdi. Avropa Oyunlarında medalçımız da olmuşdu. Daha sonra azyaşlı uşaqları inkişaf etdirməyə başladıq. Həmin gimnastlardan biri, Selcan Mahsudova 10 ildən sonra olimpiadada mübarizə apardı. Bu idman növündə tarixi olan bəzi ölkələr iki idmançı ilə təmsil olunurdular. Yalnız 16 iştirakçı var idi. Bizim üçün böyük uğur idi. Cənab Prezident də vurğuladı ki, yeni idman növlərində yaxşı nəticələrimiz var. 2024-cü ildə cüdoçumuz Hidayət Heydərovun (73 kq) nəticəsini xüsusi vurğulamaq istəyirəm. O, təqvim ilində Avropa, dünya və olimpiya çempionluğunu qazandı. Azərbaycanda bunu bacaran digər idmançı tanımıram. İnanıram ki, növbəti illərdə belə idmançılarımızın sayı çox olacaq".