Federasiya prezidenti: "Böyük futbola qayıtmaq fikrim yoxdur"

Federasiya prezidenti: "Böyük futbola qayıtmaq fikrim yoxdur" Hələlik hesabat hazırlanır
Futbol
13 Aprel , 2023 13:12
Federasiya prezidenti: Böyük futbola qayıtmaq fikrim yoxdur

"Böyük futbola qayıtmaq fikrim yoxdur. Hazırda bütün diqqətimi futzala yönəltmişəm".

Bunu "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

Funksioner AFFA İcraiyyə Komitəsinin (İK) bugünkü iclasında futzalla bağlı bir sıra məsələlərin müzakirə edildiyini söyləyib: "Bu növün inkişafı üçün regionlarda, olimpiya komplekslərində bütün şərait var. İK-nın toplantısında da mövzu müzakirə edildi. Növbəti iclasda komanda sayının 8 və ya 10-a çatdırılması ilə bağlı işlər görmək istəyirik. Regionlardan 3-4 komandanın olması da planda var".

O, Yüksək Liqada legioner limitinin dəyişə biləcəyini vurğulayıb: "Bu gün belə müzakirə olmadı. Mayda yenidən iclas olsa, məsələyə baxılacaq. Legionerlərə ciddi limit qoymaq istəyirik".

Axundov U-19 yığmasının Avropa çempionatının əsas seçmə mərhələsindəki uğursuz çıxışı ilə bağlı da danışıb: "Baş məşqçi ilə görüşümüz olacaq. Hələlik hesabat hazırlanır. Futzalda gənclərin inkişafı lazımdır. Milli komandanın oyunçularının əksəriyyəti 30 yaşına çatıb, bu yaş həddini keçənlər də var. Hazırda U-17 və U-19 bizim üçün prioritetdir. Yığmanın baş məşqçisi Joze Alesio U-21-in də təşkil olunması ilə bağlı təklif irəli sürüb. Biz buna baxıb AFFA ilə müzakirə etməliyik".

Federasiya rəhbəri böyük futbolda olduğu kimi futzalda da klublara maliyyə yardımının nəzərdə tutula biləcəyini diqqətə çatdırıb: "AFFA prezidenti baş katibə göstəriş verdi ki, təklif hazırlansın. Ümid edirəm ki, yeni mövsümdən klublara böyük futboldakı kimi maliyyə ayrılacaq. Onlar da maliyyəni klubun və gənclərin inkişafı üçün yönəldəcəklər".

Axundov son olaraq "Araz Naxçıvan" klubu haqqında fikirlərini bölüşüb: "Bir neçə il əvvəl komanda dördlər finalında oynadı, bürünc medal qazandı. Son illərdə nəticələrimiz mənfidir. Belə olmasını istəmirdik. Avropada ilk “altılıq”da idik. Bu da bizim səhvimizdir. Böyük futbolda olduğum vaxt futzala lazım olan diqqəti ayıra bilmədim. Yeni mövsümdən komandanı gücləndirmək və yenidən Avropada sözümüzü demək fikrindəyik".

Son xəbərlər

Orphus sistemi