Əmrah Çəlikəl: "Çempionluq kubokunu digər medalçılar bilinəndən sonra almaq daha maraqlı olar" - MÜSAHİBƏ

Əmrah Çəlikəl: "Çempionluq kubokunu digər medalçılar bilinəndən sonra almaq daha maraqlı olar" - MÜSAHİBƏ Bakı. 24 aprel. REPORT.AZ/ Qarabağ futbol klubunun direktoru Əmrah Çəlikəlin Reporta müsahibəsi
Futbol
25 Aprel , 2018 11:49
Əmrah Çəlikəl: Çempionluq kubokunu digər medalçılar bilinəndən sonra almaq daha maraqlı olar - MÜSAHİBƏ

Bakı. 24 aprel. REPORT.AZ/ "Qarabağ" futbol klubunun direktoru Əmrah Çəlikəlin "Report"a müsahibəsi 

- "Qarabağ" ardıcıl 5-ci dəfə çempion oldu. Bu çempionluğun əvvəlkilərdən daha asan başa gəldiyini düşünürsünüzmü?

- Bu uğurun asan və ya çətin başa gəldiyini deyə bilmərəm. Onu deyərdim ki, çempionluğu qorumaq bir məsuliyyətdir. Biz bu məsuliyyəti dərk edirik. "Qarabağ" Çempionlar Liqasında uğurlar əldə etdi. Bu nailiyyəti təkrarlamağın özü böyük məsuliyyətdir. Əlbəttə, çempion olduğumuz üçün sevinirik. Eyni zamanda, öz üzərimizə düşən məsuliyyəti də başa düşürük.

- Çempionluq Kubokunu nə zaman qəbul etməyin tərəfdarısınız?

- Nə vaxt versələr, böyük məmnuniyyətlə alacağıq. Hələ çempionat davam edir. 2-3-cü yerlər uğrunda mübarizə gedir. Düşünürəm ki, bunlar müəyyənləşəndən sonra medallarımızı eyni vaxtda almaq daha maraqlı olar. Amma son qərarı Peşəkar Futbol Liqası verəcək.

- Qarşıda avrokubok oyunları var. Bu dəfə də Çempionlar Liqasının qrup mərhələsinə düşmək, yoxsa, Avropa Liqasında daha irəli mərhələlər haqqında düşünürsünüz?

- Biz həmişə bacara bildiyimizin ən yaxşısını etmək niyyətindəyik. Düşünürəm ki, bu vaxta qədər də bunu etmişik. İndi də hədəflərimiz dəyişmir. Ən yaxşı nəticə nədirsə, onu da əldə etməyə çalışacağıq.

- "Qarabağ"da əksər futbolçuların müqavilələri başa çatır. Müqavilələrinin uzadılması istiqamətində danışıqlara başlamısınızmı?

- Bu, baş məşqçinin səlahiyyətində olan məsələdir. Hər şey onun istəyi ilə həyata keçir. Hələ ki, çempionat davam edir. Biz çempionluğu təmin etmişik. Amma növbəti oyunlara da ciddi yanaşacağıq. Çempionat başa çatmamış belə məsələlərə diqqət ayırmayacağıq. Transferlərlə bağlı işlər gedir. Çempionat yekunlaşandan sonra bəzi məsələlər aydın olacaq.

- Hər hansı futbolçu ilə danışıqlara başlanılması üçün baş məşqçidən istək, tələb varmı?

- Baş məşqçi və köməkçiləri hər zaman öz istəklərini söyləyirlər. Daim görüşdüyümüz futbolçular və menecerlər var. Bunlardan bəziləri yaxşı nəticələnə bilər. Eləsi də var ki, danışıqlar davam edir. Ancaq çempionat qurtarmamış bu barədə danışmaq düzgün olmaz.

- Mahir Mədətovun "Neftçi" ilə danışıqlar apardığına dair xəbərlər yayılıb. Deyilənlərə görə, hətta "ağ-qaralar"la ilkin razılıq da əldə edib...

- Bu, mümkün deyil. Mədətovun bizim komanda ilə müqaviləsi var. Onun müqaviləsi bu il bitmir, hələ davam edir. Düşünürəm ki, bizim icazə olmadan, bizimlə danışmamış harasa getməsi mümkün deyil. Digər tərəfdən, belə bir söhbətin olduğına inanmıram.

- Mahir Mədətov "Kəpəz"lə səfər oyununda iştirak etmədi. Qurban Qurbanov onun formada olmadığını səbəb göstərdi. Daha əvvəl isə Elvin Yunuszadə millinin düşərgəsində məşqə gecikdiyi üçün cəzaya məruz qalıb...

- "Qarabağ" bir ailədir. O ailənin içərisində cəzalananlar da, mükafatlandırılanlar da ola bilər. Bu, bizim özümüzə aid, həmçinin, baş məşqçinin səlahiyyətlərinə daxil olan məsələdir. Qurban Qurbanovun bütün qərarlarına hörmətlə yanaşırıq. Mahir Mədətovun cəzalanması və digər məsələlərdə baş məşqçi necə istəsə, elə də edəcəyik.

Son xəbərlər

Orphus sistemi