Emin Ağayev: “Qurban Qurbanovu böyük klublara təklif edəcək top-menecer lazımdır” - MÜSAHİBƏ

Emin Ağayev: “Qurban Qurbanovu böyük klublara təklif edəcək top-menecer lazımdır” - MÜSAHİBƏ Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu, “Səbail” komandasına fiziki hazırlıq üzrə məşqçi təyin olunan Emin Ağayevin “Report”a müsahibəsi
Futbol
1501
8 İyun , 2018 12:20
Emin Ağayev: “Qurban Qurbanovu böyük klublara təklif edəcək top-menecer lazımdır” - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu, “Səbail” komandasına fiziki hazırlıq üzrə məşqçi təyin olunan Emin Ağayevin “Report”a müsahibəsi

- Məşqçilik karyeranız Rusiya ilə bağlı olub. "Daqdizel” və Tver "Volqa”sına rəhbərlik etməklə yanaşı, son olaraq “Ximki”də köməkçi-məşqi kimi çalışmısınız. Sizi Azərbaycana gəlməyə nə sövq etdi?

- Orada qalmağın mənası yox idi. “Ximki”dən gedəcəyimi çoxdan qətiləşdirmişdim. Ona görə də “Səbail”in təklifini dərhal qəbul etdim. Bəli, məşqçi karyeram Rusiya ilə bağlı olub. Qərara aldım ki, mühiti dəyişim. Bunun üçün də elə ən uyğun variant vətənim Azərbaycandır.

- “Səbail”ə gələndən sonra “Sumqayıt”ın baş məşqçi postuna da dəvət almısınız. Nə üçün bu variantı seçmədiniz?

- Birincisi, məni bura dəvət edən “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə danışıb, razılıq vermişdim. Mənim üçün dediyim söz hər şeydən önəmlidir. İkincisi, Azərbaycan futbolunu yaxşı bilmirəm. Ona görə də indiki durumda köməkçi-məşqçi işləməyim daha uyğundur. Üstəlik, “Pro” kateqoriyam yoxdur. Hələlik “A” lisenziyasına malikəm.

- Rusiyadan tanıdığınız oyunçuları “Səbail”ə məsləhət görəcəksiniz?

- Bu işlə məşğul olmuram. Amma soruşsalar, kimlərisə məsləhət görə bilərəm.

- “Səbail”in büdcəsinə və tələblərinə uyğun tanıdıqlarınız var?

- Əlbəttə, yaxşı futbolçular çoxdur. Fərqli klublarda çıxış edən gənc azərbaycalı futbolçular da var. Onların demək olar ki, hamısı ilə əlaqədəyəm. Həmin uşaqlar Azərbaycan futboluna lazım olacaqlar. Onları dəvət edib, baxmaq olar.

- Rusiyada baş məşqçi kimi özünü göstərmək, möhkəmlənmək üçün nə lazımdır?

- Çox yaxşı agentin varsa, işləyə bilərsən. Əks halda, bu, çox çətindir.

- Hazırda keçmiş postsovet ölkələrində yeni futbolçu nəslinin yetişməsi ilə bağlı problem var. Məsələn, dünya çempionatında iştirak edəcək Rusiya yığmasının heyətində 33 – 39 yaşlı futbolçular yer alıb. Eyni sözü məşqçilər barəsində də demək olar. Belə olan təqdirdə, Rusiya klubları niyə Qurban Qurbanov kimi özünü sübut etmiş mütəxəssisə dəvət göndərmirlər?

- Qurban Qurbanov Rusiyada rahat işləyə bilər, orada çalışanların bəzilərindən üstündür. Onun daha çox beynəlxalq təcrübəsi var, müəyyən uğurlara imza atıb. Rəhbərlik etdiyi “Qarabağ” Çempionlar Liqası (ÇL) və Avropa Liqasının qrup mərhələsində yarışıb. Eyni şeyi Rusiyada da edə bilər. Lakin bayaq dediyim məsələyə gəlirəm - yaxşı agent lazımdır. Azərbaycanda Qurbanovu Rusiya klublarına təklif edəcək top-menecerin olduğunu düşünmürəm. Belə bir şəxslə işləsə, Rusiya və digər ölkələrdə özünü sübut edə bilər.

- Belə çıxır ki, tanınmış agentlə işləmək çalışdığı klubda nəticə qazanmaqdan daha önəmlidir?

- Nəticə də önəmlidir. Amma baş məşqçini böyük bazara agent aparır. Məsələn, italiyalı, ispaniyalı və ya fransalı menecerlərlə əməkdaşlıq öz bəhrəsini verə bilər. Digər tərəfdən, xarici dil bilmək, gedəcəyin ölkənin mentaliteti ilə ayaqlaşmaq da vacibdir.

- Belaruslu Viktor Qonçarenko menecerlər sayəsində bu gün Moskva MOİK-inə rəhbərlik edir?

- Əlbəttə, onun Rusiyaya gəlişində onların da xidməti var. Konkret, MOİK-ə gəlincə, Qonçarenko bir qədər fərqli davrandı. BATE-nin baş məşqçisi kimi ÇL-in qrupunda iştirak edəndən sonra “Kuban” və “Ural”a rəhbərlik etdi. Ardınca, MOİK-də Leonid Slutskinin köməkçisi olmağa razılıq verdi. Slutski gedəndən sonra bildirdi ki, xələfi məhz Qonçarenko olmalıdır.

- Yəqin ki, Rusiyada olduğunuz müddətdə Azərbaycan yığmasının oyunlarını izləmisiniz. Sizin dövrünüzlə hazırkı nəsil arasında müqayisə aparsanız, hansının güclü olduğunu deyə bilərsiniz?

- Milli komanda ötən illər ərzində inkişaf edib. İndiki məqamda ən önəmlisi, futbolçularımızın legioner həyatı yaşamalarıdır. Onların sayı çox azdır. Əsas problem budur. Futbolçularımız xaricə getməkdən çəkinməməlidirlər.

- Özünüz Rusiyada baş məşqçi işləyən zaman azərbaycanlı futbolçulara dəvət göndərmisiniz?

- Bunu çox istəyirdim. Lakin işlədiyim klublardakı şərait yalnız yerli oyunçuları götürməyə imkan verirdi.

- Azərbaycana gəlməklə, qarşınıza hansı məqsədi qoymusunuz?

- İlk növbədə, burada təcrübə qazanmaq, məşqçi kimi inkişaf etmək istəyirəm. Sonrasına baxırıq.

- “Səbail”dəki maaşınızla “Ximki”dəki arasında fərq var?

- Hazırda maaş mənim üçün elə də önəmli deyil. Müqayisə üçün deyim ki, məbləğlər arasında ciddi fərq yoxdur.

Son xəbərlər

Orphus sistemi