PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ Elxan Səmədov bu ilin iyulunda Peşəkar Futbol Liqasının (PFL) prezidenti təyin olunub.
Futbol
27 Dekabr , 2022 14:45
PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

Elxan Səmədov bu ilin iyulunda Peşəkar Futbol Liqasının (PFL) prezidenti təyin olunub.

O, buna qədər də futbol sektorunda müxtəlif vəzifələrdə çalışıb. 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru kimi fəaliyyət göstərən Səmədov 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı-2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi işləyib.

2021-ci ildən PFL-ə rəhbər təyin olunana qədər AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışan 48 yaşlı funksioner UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir.

O, futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynəlxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, turnirlərin “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu adına layiq görülüb.

“Report”un suallarını cavablandıran Elxan Səmədov 2022-2023 mövsümünün geridə qalan ilk yarısını dəyərləndirib, qarşıda duran planlardan bəhs edib.

- Təyinatınızdan bəri müsbətə doğru nə kimi dəyişikliklərə nail ola bilmisiniz?
- Hələ təzə başlamışıq. Elə böyük dəyişikliklər yoxdur. Hələlik jurnalistlərin regionlara səfəri ilə bağlı layihəni qeyd etmək istərdim. Məncə, bu, futbolumuz üçün çox faydalı olacaq. Planlaşdırdığımız başqa layihələr də var. Müzakirə olunub, amma onların icrası üçün hələ tezdir.

- Əvvəllər futbol sektorunda çalışsanız da, bu dəfə daha yüksək vəzifədəsiniz. Azərbaycan futbolu “yuxarı”dan necə görünür?
- (Gülür). İçəridən futbola baxanda çox çətin görünür. Bundan əvvəl VAR layihəsində çalışmışam. O da indiki kimi sadə iş deyildi.

- 2022-2023 mövsümünün ilk yarısı artıq başa çatıb. Komandaların səviyyəsi, mübarizə ürəyinizcədir?
- Bəli, ürəyimcədir. Oyunlara baxırıq, komandaların səviyyəsinin artdığını müşahidə edirik. 3-4 komanda eyni səviyyədə çıxış edir. Əvvəlki mövsümlərlə müqayisədə müsbətə doğru fərq hiss olunur. Məsələn, “Sabah” bu mövsüm çox yaxşı çıxış edir. Region komandalarından da “Turan Tovuz”un adını çəkə bilərəm.

- Xüsusən də, son turlar hakimliklə bağlı ciddi narazılıqlar yaşandı. Hakimlər, həqiqətən də çempionatın səviyyəsinə ayaq uydura bilmirlər?
- Məncə, bütün dünyada bununla bağlı problem var. İstənilən ölkənin çempionatında hər tur hakimlik məsələsində problem olur. Əsas odur ki, hakimlər gördüklərini versinlər, qərəzli mövqe, nəyisə dəyişmək niyyətləri olmasın.

- Bəlkə hakimlər VAR sisteminə uyğunlaşmaqda çətinlik çəkdikləri üçün bu qədər problem yaşanır?
- Bu, təbiidir. Çünki yeni tətbiq olunan sistemdir. Yarım il əvvəl Türkiyədə treninq keçirilmişdi. Üç dəfə ora səfər olub. Yeni sistemə uyğunlaşmaq lazımdır. Hərdən epizoda VAR-da baxarkən qərar vermək çox vaxt aparır. Bunlar olmalıdır. Məncə, 1-2 ilə hər şey düzələcək.

- Bu mövsüm oyunlarda ümumilikdə iki VAR qurğusundan istifadə olunub. Bu sayı artırmağı planlaşdırmırsınız?
- Bakı Olimpiya Stadionunda yerləşən iki stasionar VAR qurğusu və bir maşın var. İkinci maşın almaq istəyirik. Hazırda da Almaniya şirkəti ilə danışıqlar aparırıq. Məncə, növbəti mövsümə qədər ikinci VAR maşını alacağıq.

Elxan Səmədov
Elxan Səmədov

- Mövsümün geridə qalan hissəsində sarı və qırmızı vərəqələrin sayı nəzərəçarpacaq dərəcədə çoxdur. VAR sistemi ola-ola futbolçuların bu kobudluqları nədən qaynaqlanır?
- Məncə, matçın gedişində futbolçular VAR-ın fəaliyyət göstərdiyini fikirləşmirlər. Futbol həyəcan, mübarizə oyunudur. Epizodlarda ani qərarlar verilir, oyunçular sonra nə olacağını nəzərə almırlar.

- Futbolçularla yanaşı, baş məşqçilər də tez-tez ciddi narazılıqlarını dilə gətirirlər. PFL-ə bununla bağlı müraciət edənlər olurmu?
- Xeyr, indiyə qədər hansısa müraciət edilməyib. Ümumi çıxışlar olur, biz də mətbuatdan izləyirik.

- Bəzi stadionlarda işıqlandırma sistemi yoxdur. Bu amil təqvimi müəyyənləşdirərkən işinizi çətinləşdirmir?
- Əslində, çətinlik yaradır. Məsələn, Tovuzda, Şamaxıda yay vaxtı oyun keçirmək çox çətin olur. İşıqlandırma sistemi olmadığından, məcburiyyətdən matçları günorta saatlarına salırıq. 40-45 dərəcə istidə isə futbol oynamaq çox çətindir. Üstəlik, nəzərə alaq ki, bəzi arenalarda matçlar süni meydançalarda keçirilir. Bu, vəziyyəti bir qədər də qəlizləşdirir. İnfrastruktura PFL baxmır. Ancaq biz oyunların təbii meydançalarda keçirilməsini istəyərik.

- Azərbaycan Kubokuna sponsor tapmaq üçün danışıqlar getdiyini deyirdiniz. Bu axtarış niyə müsbət nəticələnmədi?
- Hazırda sponsorluqla bağlı danışıqlar aparılır. Lakin məsələ tam həll olunmayıb. Bilirsiniz, insanlar oyunların maraqlı, ədalətli keçməsindən əmin olmalıdırlar. Məncə, bunu gördükləri zaman sponsorlar da futbola gələcəklər. Əslində, ölkə kubokuna sponsor cəlb etmək çox da çətin deyil. Sadəcə, burada imic məsələsi var. Mütləq sponsorum olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq da düzgün olmaz.

Elxan Səmədov
Elxan Səmədov

- Ümumiyyətlə, sponsorların futbolumuza yaxın durmaması nədən qaynaqlanır?
- Çətin sualdır. Çempionatımızın səviyyəsi get-gedə güclənir, iddialı komandaların sayı çoxalır. Düşünürəm ki, getdikcə sponsorların futbola marağı artacaq. Məsələn, “Sabah”ın bu mövsüm yaxşı çıxış etməsi fərqli görüntü yaradıb. Artıq insanlar təkcə “Qarabağ” haqda danışmırlar, “Sabah”ın da adı çəkilir. Əvvəllər “Qarabağ” və “Neftçi” fərqləndirilirdisə, indi “Sabah” da bu siyahıya əlavə olunub. “Zirə”, “Qəbələ” kimi klublar da getdikcə güclənirlər. Bu kimi amilləri nəzərə alsaq, hesab edirəm ki, gələn mövüm üçün sponsor tapmaq daha asan olacaq.

- Azərbaycan çempionatının təşkilindən cavabdeh olan qurumsunuz. Sizcə, futbolumuzun ən böyük problemləri nələrdir?
- Bayaq qeyd etdiyim kimi, ən böyük problem infrastrukturdur. Stadionların, meydançaların yaxşı durumda olması vacibdir. Xüsusən də süni örtüklərin təbiilərlə əvəzlənməsi futbolumuza böyük fayda verər.

- Çempionat oyunlarının əksəriyyətində tribunalar boş görünür. Bu problemin həlli yolunda klublarla hansısa işlər görülürmü?
- Açığı, hazırda bu istiqamətdə işləmirik. Azarkeşlərin tribunalara gəlməsini istəyiriksə, komandalar yüksək səviyyədə oyun nümayiş etdirməlidirlər. Məsələn, ilk yarıda Masazırda keçirilən “Sabah” – “Qarabağ” görüşünə 11 000-ə yaxın azarkeş gəlmişdi. Çünki hər iki komanda yüksək səviyyədədir, fanatlar da maraqlı mübarizə izləmək istəyirdilər. Belə oyunların sayı artarsa, o qədər çox azarkeş tribunaları doldurar. İnanıram ki, mövsümün ikinci yarısında bu klublarla yanaşı, “Neftçi”nin, “Qəbələ”nin matçlarına da çox azarkeş gələcək.

- Hakimlər çoxdandır Antalyaya təlim-məşq toplanışına getmirlər. Bunu bərpa etmək fikriniz yoxdur?
- Əslində, bu, bizim yox, AFFA-nın işidir. Amma hakimlərin il ərzində iki dəfə təlim-məşq toplanışında iştirak etmələri yaxşı olardı.

- İldən-ilə Premyer Liqada komanda sayının artırılması planlaşdırılır. Növbəti mövsümlə bağlı hədəf nədir?
- Düzü, gələn mövsüm üçün Premyer Liqada komanda sayının artacağına inanmıram. Çünki ortada infrastruktur məsələləri var. Komanda tapmaq olar. Sadəcə, onun harada, hansı şərtlərdə çıxış etməsi vacibdir. Çünki mövsümün gedişində problem yaranmasını istəmirik. Yəqin ki, gələn mövsüm də Premyer Liqada komanda sayı 10 olacaq. Ancaq gələcəkdə bu sayın 14, 16, hətta 20 olmasını arzulayırıq.

Son xəbərlər

Orphus sistemi