​Elxan Məmmədov: "Yaşar Vahabzadədən açıqlama gözləyirik"

​Elxan Məmmədov: "Yaşar Vahabzadədən açıqlama gözləyirik" "Söhbət məğlubiyyətdən yox, məsuliyyətsiz hesabdan gedir"
Futbol
16 Oktyabr , 2015 21:49
​Elxan Məmmədov: Yaşar Vahabzadədən açıqlama gözləyirik

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avro-2017-nin seçmə qrup mərhələsindəki son uğursuzluqları AFFA Məşqçilər Komitəsi ilə müzakirə olunub.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

O bildirib ki, gələn həftə yığmanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşün keçirilməsinə dair razılıq əldə olunub: "Yaşar müəllimdən bir açıqlama gözləyirik. Bu nəticələr bizi çox narahat edir. Söhbət məğlubiyyətdən yox, məsuliyyətsiz hesabdan gedir. Millinin bir oyunda 7 qol buraxması bizi narahat edir. Artıq Məşqçilər Komitəsindən yazılı hesabat tələb etmişik. Yəqin ki, Vaqif Sadıqov gələn həftə görüş zamanı hesabatı bizə təqdim edəcək. Hesabatla yaxından tanış olacaq və sonra Yaşar müəllimlə görüş keçirəcəyik. Görüşün nəticəsi olaraq, hesabatı İcraiyyə Komitəsinin üzvlərinə və AFFA prezidentinə təqdim edəcəyik".

E.Məmmədovun fikrincə, indidən baş məşqçi axtarışına çıxmaq qeyri-etik olardı: "Yaşar müəllimlə müqavilə bağlanılıb, ilin əvvəlində bu vəzifəyə təyinatı barədə qərar qəbul olunub. Biz onu eşitməliyik. Digər milli komandalarda da əvvəllər belə bir hal olub. İcraiyyə Komitəsinin üzvləri emosional qərarın tərəfdarı deyillər. Ona görə Yaşar müəllimin özünü də eşitməli, Məşqçilər Komitəsinin hesabatına baxmalı və İcraiyyə Komitəsinə təqdim etməliyik. Onlar da müvafiq qərar qəbul etməlidirlər. Çünki Məşqçilər Komitəsinin də onun təyinatı ilə bağlı tövsiyəsi var idi".

Son xəbərlər

Orphus sistemi