Elxan Məmmədov: "Mən Təhsil Nazirliyində işləmirəm, AFFA-da çalışıram" - MÜSAHİBƏ

Elxan Məmmədov: "Mən Təhsil Nazirliyində işləmirəm, AFFA-da çalışıram" - MÜSAHİBƏ Bakı. 11 may. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib.
Futbol
651
11 May , 2018 15:27

Bakı. 11 may. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. 

Milli assosiasiyanın rəsmisi "Report"un da suallarını cavablandırıb...


- "Xəzər" klubu I Divizionda çempion oldu. "Səbail", "Kəpəz" və "Zirə" də Premyer Liqaya gələndə çatışmazlıqlar var idi. Bu komandalar arasında faciəvi fərq varmı?

- O komandalarda çatışmazlıqlar yox idi. Bu gün arxivləri də açıb sizə təqdim edə bilərik. Həmin komandalarda sənədlər var idi. Sənədlərin 80-90 faizi qaydasında olanda İcraiyyə Komitəsinə təqdim olunur, komitə isə məsuliyyəti öz üzərinə götürür ki, güzəştə gedək. Amma sənədlər heç olmayanda heç bir hərəkət etmək mümkün deyil. Sənədlərin 10-20 faiz təqdim olunananda bu, bizim üçün təhlükədir. Biz hazırda Prmeyer Liqanın vəziyyətini stabilləşdirdik. Biz komandanın sayının az olduğunu bilirik. Bu 8 komanda stabil komandalardır. Artıq onların təməli var. Uşaq komandaları, infrasturukturları var. Bəzilərinin bazaları da mövcuddur. Ona görə də biz sənədlərə diqqətlə yanaşmalıyıq ki, gələn komanda o təməli pozmasın.Həmin təməllə gəlsin. Komanda yarandı, Birinci Divizionu çempion olaraq başa vurdu, amma sənədləri və gələcək planları təqdim etmədən Lisenziyalaşdırma və İcraiyyə Komitəsi istisna təqdim eləsə, sonra bunun arxasında durmaq lazımdır. Biz istəmirik ki, çempionat 7 komanda ilə davam etsin. Əvvələr biz bunu gördük. Bəzi klublar çempionatın ortasında futbolçulara maaşları da verə bilmirdilər. Amma biz bank əmanətləri tələb etməsəydik, həmin futbolçular maaşsız qalardı. 3 ay ərzində onları var gücü ilə oynamağa heç kim məcbur edə bilməzdi. Biz sənədləşdirmə işlərinə diqqətlə yanaşırıq. Lisenziyalaşdırma şərtlərini pozmamağa çalışırıq. Əvvəlki təcrübə göstərdi ki, biz buna risk edə bilmərik. Çünki hazırda Premyer Liqada olan mübarizə, rəqabət. Son iki turda da ədalətli oyunun - feyr-pleyin şahidi olduq. Sübut olundu ki, komandalar müstəqil şəkildə fəaliyyət göstərir və təməli olan komandalardır. Siz tək Premyer Liqaya baxmayın. Həmin komandaların nəzdində uşaq komandalarına baxın. 8 komandanın hamısı mütəmadi olaraq bütün uşaq liqalarında təmsil olunur. I Divizionda isə bu yoxdur. Həmin çempionatda hərdən-bir oyuna gəlirlər. Texniki məğlubiyyətlər olur. Lakin Premyer Liqada biz görürük ki, komandalar çox məsuliyyətlidirlər. Ümumiyyətlə, işlərinə məsuliyyətli yanaşırlar. AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, klubların infrasturukturları da yaxşılaşdırılır, sünü ot örtüyündən təbii ota keçilir. Əvvələr bizə təkan lazım idi. Qadınlar arasında dünya çempionatı bizə təkan verdi. Həmin çempionatda süni otda oyunlar oldu. Artıq həmin stadionların ot örtüyünü dəyişməyə başlamışıq. "Dalğa Arena"da da dəyişdirdik. Yeni təbii ot örtükləri quraşdırılır. İyul ayında "Zirə" klubunun da meydançasında da yeni təbii ot örtüyü AFFA tərəfindən quraşdırılacaq. Bunu İcraiyyə Komitəsinin iclasında da müzakirə elədik. "Keşlə" klubunun infrastrukturu müəyyən olunandan sonra oradakı ot örtüyü də dəyişdiriləcək.

- "Kəpəz" Premyer Liqanı tərk edir və "Sabah" gəlir. Bölgələrin futboldan uzaq qalması nə dərəcədə doğrudur?

- Əslində, biz də istəyərdik ki, daha çox bölgə futbolu inkişaf etdirilsin. İcraiyyə Komitəsi bunu maksimum edir. Birinci Divizion buna sübutdur. Buna maliyyə də ayrılıb. Bu gün baxsaq, görərik ki, bölgə komandaları AFFA tərəfindən maliyyələşdirilir. Biz hazıda müəyyən edə bilmərik ki, Premyer Liqada hansı komanda iştirak edəcək. I Divizionda özünü maliyyələşdirən komandalar var. Onlar Bakını təmsil edirlər. Biz deyə bilmərik ki, gedin bölgəni təmsil edin. Komanda yaradılanda bölgədə yaradıla bilərdi. Klublar davamlı olmalıdır. 1-2 mövsümlük yox. İcraiyyə Komitəsi bizə tapşırdı ki, I Divizionda yeni konsepsiya təqdim edək. Orada şübhəli oyunların sayı artır. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Araşdırma gedir. Biz orada olan "xəstəliyi" təmizləməliyik.

- "Sabah" klubunun sizə yaxın olduğu deyilir...

- "Sabah" klubunun təməli var. O, əslində, "Vətən" klubudur. Onun təməli, ifrastrukturu "Vətən" klubunda qurulub. Bildiyiniz kimi, "Vətən" klubu uşaq futboluna xidmət edir. "Vətən" klubu olaraq. Bu klub Təhsil Nazirliyi tərəfindən tam dəstək görür. Bütün yaş kateqoriyalarında "Vətən" klubunu görə bilərsiniz. Öz yarışları da var. Öz yarışlarını da təşkil edirlər. Mən Təhsil Nazirliyində işləmirəm, AFFA-da çalışıram. Bütün klublara yaxşı, peşəkar münasibətimiz var. Lisenziyalaşdırma şərtlərini klub təqdim edirsə, mən yalandan necə deyim ki, təqdim etmir. Təqdim edib. Digərləri isə təqdim etməyib. Digərləri təqdim ediblərsə, gətirsinlər o sənədləri bizə göstərsinlər. Sənədləri qəbul edəndə imzalayıb qəbul edirlər. Surətini isə qaytarırıq. Heç kim dəyə bilməz ki, biz subyektiv yanaşırıq. Bu klublarla fərdi olaraq görüşmüşəm. Hər şeyi soruşmuşam. Maliyyə mənbəyi, infrastrukturu, uşaq futbolu, və s. Təəəssüf ki, şifahi cavab da ala bilmədik. Nəinki yazılı.

- Həmin komandalar lisenziya tələblərinə cavab vermirsə, AFFA tərəfindən maliyyə dəstəyi niyə davam edir?

- Biz bölgələrədəki futbola dəstək olmaq istəyirik. Qayğısına qalmaq istəyirik. Ordakı komandalara təkan olmaq istəyirik. Biz birinci addımı ataq sonra iş adamları, dövlət strukturları bu işə qoşular. Təəssüflər olsun ki, iş adamları qoşulmadı. Bu işi də yarımçıq buraxmaq istəmədik. Fikirləşdik ki, 3-4 il davam edək görək nə baş verir. Baxaq, neçə futbolçu gəlib. Peşəkar Futbol Liqasının analizini götürdük, təhlilini apardıq. Neçə futbolçu I Diviziondan Premyer Liqaya gəlib, bunu bilmək istədik. Bunun təhlili aparılır. Mütəmadi olaraq PFL-lə, Məşqçilər Komitəsi ilə baxırıq ki, futbolçular yetişirmi, yetişmirmi? Əlavə olaraq, həmin klublarda uşaq futboluna tətbiq elədik. Açıq danışacağam: Məcburi tətbiq elədik. Dedik ki, mütləq olmalıdır. Təəssüflər olsun ki, bəziləri düzgün yolda deyil. Orada şübhəli oyunlar var. Bununla bağlı yeni konsepsiya hazırlanacaq. Bunu artıq 2 ildir ki, konfransda, qeyd edirik. Bu məsələ ilə bağlı ötən il bir neçə klub və futbolçu cəzalandırıldı, futboldan kənarlaşdılırdı. I Divizionda bəzi klublar AFFA tərəfindən maliyyələşdirilir, buna baxmayaraq, o komanda şübhəli oyunlarda varsa, o da kənarlaşdırılacaq. Bunu sizə əminliklə deyə bilərəm.

- Artıq neçənci ildi ki, birinci divizionda birinci yeri tutan komanda çempionata buraxılmır. Hətta "Xəzər” regiona - Qubaya köçməyə belə razı idi. AFFA-nın adamı orda olmalı idi. Bölgə futbolunun inkişafını istəyirsinizsə, "Xəzər"ə niyə mane oldunuz?

- Heç kim mane olmadı. Sizin keçmiş həmkarınız, bizim "CBC Sport"dakı keçmiş işçimiz həmin iclasda olub. O deyib ki, biz böyük məmnuniyyətlə istəyərik ki, AFFA-nın nümayəndəsi Müşahidə Şurasında olsun. Mən də dedim ki, bu, tələb deyil. Siz özünüzü maliyyələşdirə bilirsinizsə, o tələb deyil. Bizdən maliyyə gəlsə, o tələbdir. Tövsiyə ola bilər, tələb yox. Bunu onun özündən də soruşa bilərsiniz. Siz görüdünüz ki, fikirlər sürətlə dəyişir. Bakı komandası sonra olur bölgə komandası. 1-2 günə belə olmamalıdır. Strateji yanaşma olmalıdır. Biz bu məsuliyyəti öz üzərimizə götürə bilmərik ki, lisenziyasız, sənədlərsiz qəbul edək. Bu komanda fəaliyyətini davam etdirsin. Növbəti il də oynasın, o biri il də oynasın. Öz stateji planlarını düzəltsinlər. Öz planlarını şifahi olaraq mənə təqdim etdilər. Xahiş elədim ki, onu lisenziyalaşdırmaya yazılı versinlər. Bu onların tərəfindən bir dəstək olar. Təəssüflər olsun ki, o da olmadı. Biz heç bir kluba subyektiv yanaşmırıq. Obyektiv yanaşırıq. Ona görə də İcraiyyə Komitəsinə bunu təqdim edirik. Bu komitənin üzvləri futbola yaxın insanlardır. Dövlət orqanlarında işləyən şəxslərdir. Bütün sənədləşdirmə işlərini, prosedurları bilən insanlardır. İcraiyyə Komitəsi bu məsuliyyəti götürə bilərmi?

- İcraiyyə Komitəsinin heç bir üzvü burda yoxdur. Media nümayəndələri onlara da suallarını versələr, yaxşı olardı. Niyə belə şərait yaradılmadı? Lisenziyalaşdırmaya klubları çağırırsınızmı?

-Toplantıdan sonra AFFA-nın saytında hər bir məlumat yerləşdiriləcək. Lisenziyalaşdırmanın iclasına hər klub nümayəndəsi dəvət olunur. İcraiyyə Komitəsinə sual vermək istəyirsinizsə, jurnalist kimi onlarla əlaqə saxlaya bilərsiniz. Dünyanın heç bir yerində İK üzvləri brifinq keçirmir.

- Deyilənlərə görə, hakimlərin təlim-məşq toplanışı ləğv olunacaq...

- Açığı, indiyədək AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov bizə bu məsələ ilə bağlı heç bir təklif və müraciət etməyib. Ünvanladıqdan sonra baxılacaq. O, komitə sədri olaraq, müraciət etməli, müddətini və proqramını göstərməlidir. Bundan sonra təklif təsdiqlənir və ya mənfi cavablandırılır. Bu günədək belə bir təklif olmayıb. Yəqin ki, Xəqani müəllim çempionatın sonunu gözləyir. Nəticələri analiz edərək toplanışa neçə hakim aparmaq istədiyini müəyyənləşdirmək istəyir. İnanıram ki, təkliflərini yaxın vaxtlarda təqdim edəcək və biz də Peşəkar Futbol Liqası ilə birgə məsələni müzakirə edəcəyik. Ehtiyac olsa, müvafiq qərar qəbul edəcəyik.

- Yəni pulunuz var?

- (gülür) “Pulunuz var” deyəndə ki, AFFA-nın ilin əvvəlində təsdiqlənən büdcəsi var. Bu büdcə ilə də davam edirik.

- AFFA Hakimlər Komitəsinin sədri bildirib ki, ədalət təmsilçilərinə forma alınmır. Bu nə dərəcədə doğrudur?

- Hakimlər üçün iki ildən bir forma alınır. Həftədə 1-2 oyuna çıxan hakim formanı həmin müddətdə istifadə edə bilər. Artıq yeni formalar gəlib və növbəti mövsüm üçün təqdim olunacaq. Yəqin ki, nəyisə səhv edib. Xəqani müəllimə forma verilir, hakimlərə verilmir (gülür).

- Daha hansı klublar “Nike” brendinin geyimlərini alacaq?

- AFFA olaraq “Nike” ilə 2022-ci ilə qədər müqavilə bağlamışdıq. Artıq bu şirkətlə əməkdaşlıq edirik. Qlobal bir müqavilə bağladıq. Əlavə olaraq, “Nike” Premyer Liqanın toplarla bağlı texniki sponsoru olmaq istəyir. Topların nümunəsini PFL-ə və Klublar Komitəsinə göndərdik. İtaliya A Seriyası, İpsaniya La Liqası kimi yarışlarda istifadə olunan toplardan Azərbaycan Premyer Liqasında da olacaq. Hər mövsüm üçün pulsuz olaraq bir kluba, təxminən, 100 top veriləcək. Bunun kifayət etdiyini düşünürəm. İclasda bu məsələni də müzakirə etdik. Klublar bunadək 40-50 topdan istifadə edibər. Texniki sponsor tərəfindən 100 topun verilməsi yaxşıdır.

- AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsi məsələsinə toxunuldu?

- Bu mövzu indi də aktualdır. Beynəlxalq təcrübəyə baxsaq, bəzi ölkələr bunu edib. UEFA tərəfindən belə bir məcburiyyət yoxdur. Bəzi ölkələrə tövsiyə olunur. Bizə də əvvələr tövsiyə edilmişdi. Açığı, bu yöndə təhlil aparmamışıq. Yəqin ki, növbəti iclaslarda müzakirə olunacaq.

- “Sabah” klubunun maliyyə dəstəkçisi, təsisçisi qismində kim göstərilib?

- Artıq onlar İctimai Birlik kimi fəaliyyət göstərməyi planlaşdırırlar. Müvəqqəti olaraq MMC formasında. Yəni “Keşlə” kimi, tranzit müddət olacaq.

- Ancaq maliyyəni Təhsil Nazirliyi ayıracaq?

- Təhsil Nazirliyi də ola bilər, başqa qurum da. Hazırda bank zəmanətləri var və Nazirliyin büdcəsindən təsdiqlənib.

- Ceyhun Bayramovun təhsil naziri təyin edilməsindən sonra hansısa dəyişiklik baş verə bilər, yoxsa onun tərəfindən təsdiqlənib?

- Lisenziyalaşdırma prosesi daha əvvəl başlayıb. Ancaq yeni nazirdən heç bir mənfi rəy almamışıq.

Son xəbərlər

Orphus sistemi