Elxan Abdullayev: "Neftçi"yə azarkeşlik edəcəyəm" - SORĞU

Elxan Abdullayev: "Neftçi"yə azarkeşlik edəcəyəm" - SORĞU Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 3-də Azərbaycan Premyer Liqasının 2018-2019 mövsümünün ikinci hissəsinin ilk oyununda "Qarabağ" - "Neftçi" matçı baş tutacaq. "Report" XV tur çərçivəsində keçiriləcək qarşılaşma ilə bağlı futbol mütəxəssisləri arasında
Futbol
2 Fevral , 2019 15:20
Elxan Abdullayev: Neftçiyə azarkeşlik edəcəyəm - SORĞU

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 3-də Azərbaycan Premyer Liqasının 2018-2019 mövsümünün ikinci hissəsinin ilk oyununda "Qarabağ" - "Neftçi" matçı baş tutacaq. "Report" XV tur çərçivəsində keçiriləcək qarşılaşma ilə bağlı futbol mütəxəssisləri arasında sorğu keçirib.

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev matçı derbi adlandırıb: "Hər iki komanda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb və qarşılarına çempionluq məqsədi qoyublar. Ona görə də, birmənalı olaraq, gərgin oyunun şahidi olacağıq. Çempionatın ikinci hissəsi başlayır və komandaların hazırlıqlarını yaxşı izləyə bilməmişik. Həm də heyətlərdə bəzi dəyişikliklər var. Yeni oyunçular cəlb olunub".

Təcrübəli mütəxəssis bu qarşılaşmada kimin qalib gələcəyini deməyin çətin olduğunu vurğulayıb: "Bu görüşdə taktiki cəhətdən ağıllı oynayan komanda qələbə qazanacaq. Şablon da olsa, demək istəyirəm ki, müdafiədə daha az səhv edən kollektiv oyunun qalibi olacaq. Şansları bərabər qiymətləndirirəm. Hansınınsa şansının daha böyük olduğunu demək olmaz. Matç "Neftçi" üçün bir az psixoloji cəhətdən asan olan bilər. Çünki rəqibi ilə arasındakı üç xallıq fərqi də qorumaq istəyə bilər".

Ş.Diniyev əvvəlki illərdəki kimi qarşılaşmaya azarkeş marağının çox olacağını gözlədiyini söyləyib: "Medianın burada böyük rolu var. Qarşılaşmanın önəmini qaldırmaqda mətbuat ilk pillərdən birini tutur. Oyunlarda ajiotajın olması sizlərdən çox asılıdır. İnanıram ki, azarkeşlər, mütəxəssislər və futbolçular üçün bu oyun derbi kimi qəbul olunacaq və maraqlı qarşılaşma baş tutacaq".

Futbolçu olduğu müddətdə "Neftçi" və "Qarabağ" klubunun formasını geyinən Arif Əsədov komandarıın durumundan asılı olmayaraq, aralarındakı oyunların intriqalı və gərgin keçdiyini söyləyib: "Qarabağ" və "Neftçi" yeganə komandalardır ki, müstəqillik dövründən sonra bütün çempionatlarda iştirak ediblər. Hər iki komandanın şərəfini qorumuşam. Məşqçi kimi "Neftçi"də işləmişəm. Hər zaman da gərginliyi hiss eləmişəm. Hazırda "Neftçi" liderdir, amma "Qarabağ" rəqibindən üç xal arxadadır. Bu görüşü 6 xallıq oyun kimi qiymətləndirmək olar. Amma uğursuzluq o demək deyil ki, hansısa komanda çempionluqdan geri qalacaq. Sadəcə, qalib gələn kollektiv növbəti oyunlar üçün üstünlüyə malik ola bilər".

49 yaşlı mütəxəssis qarşılaşma ilə bağlı proqnozunu da açıqlayıb: "Düşünürəm ki, bu qarşılaşma heç-heçə başa çatacaq. Belə oyunlar media tərəfindən yaxşı işıqlandırılmalıdır. Əvvəllər oyunların ajiotajlı keçməsində medianın da təsiri olub. İndi isə bir az passivlik hiss olunur. Amma bugünkü durumda deyə bilmərik ki, azarkeşlər həmin oyunda tribunaları dolduracaq. Hər iki komandanın fanklubları var. Onların canfəşanlıqlarını hiss edə bilərik. Qarşılaşmaya on minlərlə azarkeşin gələcəyini düşünmürəm".

"Neftçi"də vaxtilə baş məşqçi kimi də fəaliyyət göstərən Əsədov hər iki klubun onun üçün əziz olduğunu deyib: "Hardasa bir az "Neftçi"yə simpatiyam var. Hər ikisi ölkəmizin komandalarıdır. "Neftçi" flaqmandır, "Qarabağ" isə son vaxtlar öz stabilliyini qoruyub. Hansı komanda güclüdürsə, o da qələbə qazansın".

"Neftçi" və "Qarabağ"ın sabiq baş məşqçisi Elxan Abdullayev bu matç barədə proqnoz verməyin çətin olduğunu söyləyib: "Qış fasiləsindən sonra gözlənilməz nəticələr də ola bilər. Bu qarşılaşmadan yaxşı mübarizə gözləyirəm. Şansları bərabər hesab edirəm. Hər biri qələbə qazana bilər. Bu matçda hər şey ola bilər". "Qarabağ" son çempiondur, amma hazırkı lider "Neftçi"dir. "Neftçi" birinci pillədədirsə və üç xal öndədirsə, "Qarabağ" bu oyunu mütləq udmalıdır. Çünki məğlub olsa, xal fərqi 6-ya çatacaq, bu isə Ağdam təmsilçisinə sərf eləmir. "Qarabağ"a üç xalı qazanmaq çox lazımdır. "Neftçi" uduzsa, irəlidə yenə şansı ola bilər. Amma "Neftçi" ilə matçdakı məğlubiyyət "Qarabağ" üçün böyük itki olacaq.

Abdullayev bu dueldə üstün olan tərəfi və azarkeşlik edəcəyi komandanın da adını açıqlayıb: "Heç kim inciməsin, bu matçda üstünlüyü "Qarabağ"a verərdim, ancaq "Neftçi"yə azarkeşlik edəcəyəm. Sözün açığı, görüşdə çox azarkeş olacağını gözləmirəm. Bu mövsüm Azərbaycan çempionatında çoxlu azarkeş olan oyun görməmişəm. Son olaraq Premyer Liqada ən çox fanatı "Kəpəz"in oyunlarında görmək olardı. O ki qaldı Bakıya, min azarkeş gəlsə, böyük bir şeydir".

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov komandaların qış hazırlıqlarını izləyə bilmədiyini və aralarındakı oyunların hər zaman həddindən çox gərgin keçdiyini deyib: "Hazırlığı daha yaxşı keçən komandada oyun üstünlüyü də olacaq. Heyətlərinə qatdıqları yeni oyunçulardan da çox şey asılıdır. Transferlərlə bağlı məlumatım yoxdur. Yalnız onu bilirəm ki, "Qarabağ"da Almeyda və Reynaldo geri qayıdıb. Onların hazırkı durumları da bilinmir. "Neftçi"də də bəzi dəyişikliklər olub. Əsas odur ki, bu komandaların toplanışdakı oyunları necə keçib və öz oyunlarını tuta biliblərmi? Həmişəki gərginlik bu oyunda da olacaq. "Qarabağ" xal itirsə, "Neftçi"dən uzaqlaşacaq. Ağdam klubuna qələbə lazımdır ki, rəqibinə yaxınlaşsın. Flaqman da qələbə qazanaraq mövqeyini daha da yaxşılaşdırmaq istəyəcək. Hər iki komandanın bir məqsədi var".

Təcrübəli mütəxəssis bu qarşılaşmada baş məşqçi amilinin də böyük rol oynayacağını vurğulayıb: "Belə oyunlarda baş məşqçinin rolu böyükdür. Həmçinin bütün çempionat oyunlarında da. Baş məşqçilərin oyuna hansı heyətlə başlayacağı və oyun ərzindəki edəcəyi dəyişikliklər də vacibdir. Düşünürəm ki, "Qarabağ" bu matçda öz ənənəvi oyununu oynayacaq. "Neftçi" isə əks hücumlarda rəqibini yaxalamağa çalışacaq. Kim həm müdafiədə, həm də hücumda az səhv eləsə, onun üstünlüyü daha böyük olacaq. Hər iki məşqçinin oyun ərzində taktiki gedişləri də çox önəmlidir".

Son xəbərlər

Orphus sistemi