"Çox dinamik oyun alındı. Qol fürsətlərimiz olsa da, yararlana bilmədik. Komandamın çıxışından razı qaldım".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Dalğa Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
42 yaşlı mütəxəssis cari mövsümdə ən yaxşı matçlarını göstərdiklərini bildirib: "Daim hücumda olmaq istəyirik. Komanda şəklində bunu edə bildik. Bu performansa görə oyunçulara təşəkkür edirəm. Qələbəyə daha çox layiq idik. Həmişə güclü qalib gəlmir. “Zirə” də yaxşı komandadır. Onları təbrik edirəm. İddiamızdan əl çəkməyəcəyik, daha da iddialı olacağıq".
Baxşıyev məğlubiyyətin səbəbini bu cür izah edib: "O qədər epizodu dəyərləndirmirsənsə, rəqibə şans verirsən. “Zirə” 2-3 hücum etdi, 2 qol vurdu. Ruhdan düşməyəcəyik. Daha artığını edə bilərik".
O, "Neftçi"yə qarşı keçirəcəkləri VI tur görüşünə də toxunub: "Bu matçı analiz edib, növbəti qarşılaşmalara hazırlaşacağıq".