"Sabah"ın prezidenti: "Deviç Azərbaycana gələndə maaşı ilə bağlı bazarlıq etmədi"
- 02 aprel, 2019
- 07:18
Ukraynanın tanınmış futbol şərhçisi Viktor Vatsko özünün "Youtube"dakı "Вацко Live" kanalında Azərbaycan Premyer Liqasının debütantı olan "Sabah" klubunda çıxış edən həmyerlisi Marko Deviçlə bağlı geniş reportaj hazırlayıb.
"Report" xəbər verir ki, reportajda Azərbaycanın, paytaxt Bakının özəlliklərindən, ölkədəki idman infrastrukturundan və "Sabah" klubundan söhbət açılıb.
"Komandamız ev oyunlarını "Əlincə Arena"da keçirir. Arenanın tutumunun nə qədər olduğunu bilmirəm. Təxminən 10 min nəfərlik olar. Təəssüf ki, tribunaların tam dolduğunu görməmişəm. Bunun bir gün baş verəcəyinə ümid bəsləyirəm. Ən böyük rəqiblər "Neftçi" və "Qarabağ"dır. Bir müddət əvvəl "Qarabağ"a qarşı oynamışdıq. Maksimum min nəfər vardı. Ancaq yeni klubdur, inkişaf edir. Düşünürəm ki, avrokuboka düşsək, bu, stadionun dolması üçün səbəb olacaq", - Deviç söhbətə şərhçini Masazırdakı "Əlincə Arena" ilə tanış etməklə başlayıb.
Oktyabrın 27-də 36 yaşlı tamam olacaq forvard daha sonra "Sabah"a gəlməyə razılıq verməsinin səbəblərindən söhbət açıb: "İndiyə qədər çıxış etdiyim yerlərlə müqayisədə buradakı infrastruktur ciddi fərqlənir. Klub prezidenti ilə uzun söhbətimiz oldu, hər şeydən danışdıq və o, mənə 2 illik müqavilə təklif etdi. Məhz bu məqam məni daha çox sevindirdi. Sağlamlığım imkan verdiyi müddətdə oynayacağam. Başqa təkliflər də vardı. Ukrayna "Çernomorets"indən təklif almışdım. Ancaq yeni təcrübə qazanmaq istədim. Demək olar ki, bütün klublar Bakıda yerləşir. Ona görə də təyyarəyə əyləşib harasa uçmaq lazım deyil. Açığı, belə şeylərdən yorulmuşdum".
Serb əsilli hücumçu "Sabah"dakı əmək haqqına da toxunub. O, Azərbaycanda aylıq 5 min dollardan çox maaş aldığını bildirib: "Burada min avroya oynamıram, maaşım "Volın"dakından bir az çoxdur. Orada 5 min dollar alırdım. Bu da ilə 60 min dollar edir. Üstəlik, müqavilə bağlayan zaman 20 min dollar ödənmişdi”.
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov isə əvvəlcə klub barədə məlumat verib: “Klubu 2018-ci ildə təsis etmişik. Planımız bir neçə mövsüm I Divizionda çıxış etmək, təcrübə topladıqdan sonra Premyer Liqaya yüksəlmək idi. Yekunda 5-ci yeri tutduq. Amma elə alındı ki, bizdən qabaqda olan 4 klubdan heç biri lisenziyalaşmadan keçə bilmədi. Bizə təklif gəldi və imtina etmədik”.
Klub rəhbəri tanınmış futbolçunu Azərbaycana gəlməyə necə razı saldığını da deyib. O, "Marko Deviçin pasportu haradadır, onu burada necə saxlayırsınız" sualına belə cavab verib: Biz bu mövsüm qarşımıza qoyulan məqsədə uyğun mərkəz hücumçusu axtarırdıq. Məqsəd isə ilk "üçlüy"ə düşmək deyil. Ona görə də futbolçularla 2-3 illik müqavilə bağlayırıq. Mərkəz hücumçusu baxımında müxtəlif variantlarımız vardı. Mənə dedilər ki, Marko Deviçin müqaviləsinin müddəti başa çatır. Zamanında onun oyunlarını izləmişdik. Klubumuzda başqa bir ukraynalı futbolçu - Vitali Kvaşuk da vardı. Türkiyə toplanışı vaxtı ondan Deviçi tanıyıb-tanımadığını soruşduq. Cavabı "bəli" oldu. Dedi ki, tanıyıram, amma Bakıya gəlməyəcək. Nömrəsini verdi, zəng vurdum. Təxminən bir saat danışdıq. Klubdan, akademiyadan bəhs etdik. Ona bildirdim ki, bizə təcrübəli hücumçu lazımdır, özü də bir illik yox. Bildirdi ki, fikirləşəcək. Toplanışın sonlarında zəng vurdu, Bakıda görüşdük. Ona burada təxmini hansı məbləğə oynayacağını demişdim. Pulun onun üçün ən başlıca sual olduğunu düşünmürəm. Maaşı ilə bazarlıq etmədi. O, belə kateqoriyaya aid insanlardan deyil. Buranın onun üçün yeni çağırış olduğunu düşünürəm. Bakının gözəl şəhər olduğunu bilirdi. Bakıya gəldi, planlardan, klubdan ölkədən danışdıq”.
Qeyd edək ki, Premyer Liqada 22 turdan sonra Marko Deviçin hesabında 7 qol var.