Dağlıq Qarabağın Azərbaycanlı İcması Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına etiraz məktubu göndərib

Dağlıq Qarabağın Azərbaycanlı İcması Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına etiraz məktubu göndərib Bakı. 24 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına (ConIFA) etiraz məktubu göndərib.
Futbol
24 Dekabr , 2018 16:22
Dağlıq Qarabağın Azərbaycanlı İcması Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına etiraz məktubu göndərib

Bakı. 24 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına (ConIFA) etiraz məktubu göndərib.

“Report” xəbər verir ki, buna səbəb FIFA və qitə futbol qurumları tərəfindən tanınmayan qondarma respublikaların etnik yığmalarını özündə birləşdirən ConIFA-nın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2019-cu il Avropa Kuboku turniri keçirmək istəyidir.

Qurumun prezidenti Per-Anders Blində ünvanlanan məktubda yarışın təşkili ilə əlaqədar ConIFA-nın rəsmi saytında yerləşdirilən məlumatın dərin narahatlıq doğurduğu vurğulanıb: “Ermənistanın hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin – Dağlıq Qarabağ və 7 rayonun işğalı ilə nəticələnib. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş rayonlarda azərbaycanlıların kütləvi şəkildə etnik təmizlənməsini həyata keçirib. Etnik təmizləmə siyasəti 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib. Hazırda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 80 mindən çox üzvü 30 ildən çoxdur Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. ConIFA-nın təşkil etdiyi bu turnir beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilat və dünya ictimaiyyətinin rəsmi mövqeyinə ziddir. ConIFA-nın bu təxribatçı aktı təkcə regionda sülh və sabitliyi təhlükə altına qoymur, həm də sülh prosesini və tərəflər arasında aparılan danışıqları pozur”.

Məktubda işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən “Qarabağ” futbol klubunun olduğu xatırladılıb: “Hazırda bu klub erməni qoşunları tərəfindən tamamilə məhv edilmiş və işğalı altında olan Ağdam şəhərindən uzaqda - Bakıda məskunlaşıb. Təmsil etdiyi şəhərdən kənarda oynamasına baxmayaraq, “Qarabağ” UEFA Çempion Liqasının qrup mərhələsində iştirak edərək, dünya səviyyəsinə qalxıb. ConIFA-nın bu seçiminin UEFA-nın qaydalarına tamamilə zidd, Avropa, eləcə də dünya idman ictimaiyyətinə hörmətsizlik olduğunu görürük. Sizi planlaşdırdığınız yarışın yersiz və zərərli olduğunu etiraf etməyə, onu dərhal təxirə salmağa çağırıram. Bu təxribatçı hərəkət Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni rejimə açıqlıq gətirir, Ermənistanın hərbi işğalı nəticəsində dağıdılmış bölgədə separatizm və irredentizm təşviq edir. Bu turniri müharibə bölgəsində təşkil etməklə, qurumun prezidenti olaraq, turnirin iştirakçıları, xarici jurnalistlər və digər media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə, onların həyatı üçün məsuliyyət daşıyırsınız”.

Qeyd edək ki, ConIFA 12 komandanın iştirak edəcəyi turniri 2019-cu ilin iyununda Xankəndində keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi