Çeferin: "Pandemiyadan kiçik və orta klublar daha çox əziyyət çəkir"

Çeferin: "Pandemiyadan kiçik və orta klublar daha çox əziyyət çəkir" "UEFA çoxlu qazanc əldə etmir, gəlirinin təxminən 90 faizini milli assosiasiyalara və klublara ayırır"
Futbol
14 Oktyabr , 2020 11:46
Çeferin: Pandemiyadan kiçik və orta klublar daha çox əziyyət çəkir
Aleksander Çeferin

"Bu, dəhşətli vəziyyətdir və təkcə futbola aid deyil. Hazırda baş verənlər gözlənilməzdir, bizi hər şeydən çox narahat edir. Bunun nə qədər davam edəcəyini, vaksinin nə zaman əldə ediləcəyini bilmirik. Bizdə panika, populizm hökm sürür. İndi çətin vaxtdır, amma inanıram ki, vəziyyətdən daha güclü və ağıllı çıxmaq olar".

"Report"un məlumatına görə, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "Sportschau"ya müsahibəsində koronavirus pandemiyasının futbola təsiri barədə danışarkən deyib.

Sloveniyalı funksionerin sözlərinə görə, qitə futbol qurumu oyunçuların təhlükəsizliyi üçün inanılmaz dərəcədə güclü sağlamlıq konsepsiyası hazırlayıb: "Dəqiq say bilmirəm. Lakin avqustdan bəri yalnız UEFA-nın bayrağı altında 420-dən çox beynəlxalq oyunu ciddi insidentsiz keçirmişik. İdman yalnız böyük sənaye sahəsi deyil. Bu, həm də bir çox insanın işlədiyi böyük maliyyə bazarıdır. İdman vacibdir, çünki insanlara sevinc bəxş edir, onlara ümid verir. Buna görə hökumətlərin idmanı dəstəkləməli olduğunu düşünürəm".

Çeferin İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp və vaxtilə "Arsenal"a rəhbərlik etmiş Arsen Vengerin UEFA Millətlər Liqasını mənasız turnir adlandırmalarına münasibət bildirib: "Yurgen Kloppun işini bəyənirəm. Bilirəm ki, o, belə açıqlamanı "Liverpul"un baş məşqçisi kimi verir. Almaniya millisinə başçılıq etsəydi, yəqin, başqa fikir səsləndirərdi. Arsen Vengerə gəlincə, düşünürəm ki, UEFA-nın bu cür açıqlamalara cavab verməkdən daha vacib işləri var. Bəzi insanlara yalnız diqqət lazımdır. Millətlər Liqası əla yarışdır. Beynəlxalq oyunlar klublar üçün də vacibdir. Bunu dərk etməyənlər böyük mənzərəni başa düşmürlər. Məşqçilər və oyunçuların maaşlarını kəssək, bu turnirə ehtiyacımız olmaz. Gənclər və qadın futbolunu inkişaf etdirmək istəməsək, futbolu inkişaf etdirmək istəməsək və istedadlı gəncləri üzə çıxarmağa çalışmasaq, bizə gəlir lazım olmaz. UEFA çoxlu qazanc əldə etmir, gəlirinin təxminən 90 faizini milli assosiasiyalara və klublara ayırır".

UEFA prezidenti pandemiyanın daha çox kiçik və orta büdcəli klublara təsir etdiyini vurğulayıb: "Ən çox onlar əziyyət çəkirlər. Pandemiyanın UEFA-nın maliyyə vəziyyətinə necə təsir göstərəcəyini hələ bilmirik. Buna görə də bitməsinə qədər gözləməli, sonra komandalara nə cür kömək edə biləcəyimizi görməliyik. Bu, yalnız klublara deyil, milli assosiasiyalara da aiddir. Vəziyyət o qədər gözlənilməzdir ki, hər şeydən əvvəl oyunların keçirilməsinə icazə verməyə çalışırıq".

UEFA Super Kuboku uğrunda Macarıstanın paytaxtı Budapeştdə Almaniya "Bavariya"sı və İspaniya "Sevilya"sı arasında keçirilmiş oyunda (2:1) azarkeşlərin stadiona buraxılması qərarını şərh edən 53 yaşlı funksioner tənqidçilərə cavab verib: "Evdə boş oturub nəyisə tənqid etmək asandır. İnsanlar bu cür hərəkət edirlər. Digərləri, məsələn, UEFA isə nəyisə dəyişməyə, insanlara ümid verməyə çalışır. İnsanlara göstərmək istədik ki, futbolda ən vacibi oyunçular və azarkeşlərdir. Digərləri ikinci dərəcəlidir. Açığı, heç bir şey olmadığı üçün oyundan sonra tənqidlər kəsildi. Azarkeşsiz futbol əsl oyun deyil".

Son xəbərlər

Orphus sistemi