Cavid İmamverdiyev karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb

Cavid İmamverdiyev karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb "Millətlər Liqasından başıuca çıxmaq üçün əlimizdən gələni artıqlaması ilə edəcəyik"
Futbol
11 İyun , 2018 17:50
Cavid İmamverdiyev karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb

Bakı. 11 iyun. REPORT.AZ/ “Qazaxıstan yığması yaxşı komanda olsa da, böyük hesablı məğlubiyyəti təsadüfi nəticə sayıram. Latviya ilə görüşdə isə nəyə qadir olduğumuzu göstərdik. Belə bir rəqibi səfərdə 3:1 hesabı ilə üstələməyimiz bizim üçün stimuldur. Həmçinin Qırğızıstanı da məğlub edə bildik”.

Bunu “Report”a Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev Qırğızıstan (3:0), Qazaxıstan (0:3) və Latviya (3:1) yığmalarına qarşı yoldaşlıq görüşlərini şərh edərkən deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmanın qarşısında duran əsas vəzifə Millətlər Liqasında uğurla çıxış etməkdir: “Millətlər Liqasına hazırlaşırıq və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Millimizin çox yaxşı yerlərə gələcəyinə inanıram. Millətlər Liqasından başıuca çıxmaq üçün əlimizdən gələni artıqlaması ilə edəcəyik. İlk növbədə, qrupdan çıxmağı hədəfləmişik. Düzdür, oyunlar çətin olacaq. İndiki dövrdə zəif rəqib yoxdur. Bütün ölkələr futbol oynamağı bacarırlar. Ancaq biz də öz gücümüzə inanırıq”.

Adı "Qarabağ", "Neftçi" və "Qəbələ" ilə yanaşı hallanan İmamverdiyev klub karyerası barədə də danışıb. O, 2018/2019 mövsümünün sonuna qədər müqavilə üzrə məxsus olduğu “Sumqayıt”da qalacağını deyib: “Klubumla müqaviləm var və güman ki, burada qalacağam. Düzdür, daha da böyük klublarda oynamaq istərdim. Ancaq müqaviləm var və buna uyğun hərəkət etməliyəm. Bundan sonra da “Sumqayıt”da elə oyun göstərməliyəm ki, Qurban Qurbanov məni yenə milliyə çağırsın. Klub karyerası öz yerində, yığmanın mənafeyi hər şeydən önəmlidir”.

Qeyd edək ki, Cavid İmamverdiyev İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə futbolçular arasında keçirdiyi sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib. 

Son xəbərlər

Orphus sistemi