Cavid Hüseynov: "Uşaqlarıma dedim ki, məndən əlinizi üzün"

Cavid Hüseynov: "Uşaqlarıma dedim ki, məndən əlinizi üzün" "7 oyun səbr etdim. Belə davam etsəydi, gedəcəkdim. Komandadan ayrılmaq üzrə idim"
Futbol
2 Noyabr , 2020 15:01
Cavid Hüseynov: Uşaqlarıma dedim ki, məndən əlinizi üzün
Cavid Hüseynov

"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Sabah"ı məğlub etməklə cari mövsümdə ilk qələbənizi qazandınız. Əvvəlcə bu qarşılaşma barədə fikirlərinizi bildirərdiniz...

- Hər iki komandaya 3 xal lazım idi. Sadəcə, biz qələbəyə daha çox inanırdıq və istəkli idik. Bütün oyun komponentlərində rəqibi üstələdik və qalib gəldik. "Sabah" və "Qəbələ" büdcə baxımından eyni səviyyədə olan komanda deyil. Bizim büdcə çox aşağı, rəqibin heyəti isə olduqca genişdir. Oradakı futbolçulardan 3 fərqli "11-lik" çıxarmaq olar. Amma komanda oyunu nümayiş etdirə bilmirlər. Futbol elədir ki, burada kollektiv yumruq kimi olmalıdır. "Sabah"da isə ancaq fərdi oyun ön plana çıxır, komanda oyunu yoxdur. Biz hər matça yaxşı hazırlaşırıq.

- "Qəbələ"yə keçdikdən uzun müddət sonra start heyətində meydana çıxdınız...

- İnanırdım ki, mən oynadığım matçda qələbə gələcək. Bunu baş məşqçiyə də dedim ki, qələbə yalnız mənimlə gələ bilər (gülür). Hamı bilir ki, "Qəbələ"yə ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. İstəyim komandada birlik yaratmaqdır. Çünki bunu bacarıram. Kənarda oturub, günümü keçirmək istəmirəm. 7 oyun səbr etdim. Belə davam etsəydi, gedəcəkdim. Komandadan ayrılmaq üzrə idim. Oyundan 1 gün öncə baş məşqçi Elmar Baxşıyevlə danışdım və fikrimi bildirdim ki, mən oynamalıyam, vəssalam. Bu gücü özümdə hiss edir, özümü əsas heyətə layiq görürəm. Komandaya nə dərəcədə xeyir verəcəyimi məndən yaxşı heç kim bilməz. Sağ olsun, fikrimi dinlədi, məni start heyətə qaytardı. Nəticəni də hamı gördü. İnanıram ki, qələbələrimizin davamı gələcək.

- Elmar Baxşıyev oyundan sonra sizə nə dedi?

- Heç nə demədi. Üzünə baxdım ki, necəsən, yaxşısan? Pis ola bilməz, axı. Əla olduğunu söylədi. Uçmağa qanadı yox idi (gülür). Elmarla uzun müddət komanda yoldaşı olmuşuq. Münasibətimiz tamam başqa cür olub. "Zirə"dən ayrılandan sonra "Qəbələ"yə sırf ona görə gəldim. Şəxsən özü deyib ki. Cavid mənim komandamda olmalıdır. Oynamadıqca, əsəbiləşirdim.

- Bir müddət öncə müsahibənizdə demişdiniz ki, "Qəbələ"dəki məvacibinizin nə qədər olduğunu bilmirsiniz. Bəs indi necə?

- Təxmini bilirəm. Məbləğ həddindən artıq aşağıdır (gülür). Sadəcə, "Qəbələ"dəki insanların xətri üçün buradayam.

- Növbəti turda "Keşlə" ilə qarşılaşacaqsınız. Həmin oyundan nə gözləyirsiniz?

- "Keşlə" hazırda yaralı aslan kimidir. Dünən "Qarabağ"a 1:6 hesabı ilə uduzdular. Yaxşı heyəti var, çempionatın əvvəlində yuxarı sıralarda gedirdi. Bu komandadan xoşum gəlir. Qələbə qazanmağa çalışacağıq. "Qəbələ" daha yaxşı pillədə olmağa layiqdir. Buna potensialımız da imkan verir. Əlimizdən gələni edəcəyik.

- Bu mövsüm üçün komandanının qarşısına hansı hədəf qoyulub?

- Belə başa düşürəm ki, "Qəbələ"ni builki büdcəsinə görə hər hansı hədəf nəzərdə tutulmayıb. Bu da normaldır. Nəticə üçün yetərincə büdcən olmalıdır. Gənc futbolçularımız çoxdur. Düzdür, legionerlər də cəlb etmişik. Amma açıq-aşkar görünür ki, əcnəbilər əvvəlkilərin səviyyəsində deyil. Yalnız Ceyms Adeniyi komandaya qayıdıb, onu vurğulayardım. Bir-birimizi çox gözəl başa düşürük. Onun gəlişi bizim üçün yaxşıdır. Çalışacağıq ki, çempionatda 3 və ya 4-cü yeri tutaq.

- Şəhid övladısınız. Bu mənada, müharibəni ən çox hiss edən və dərindən yaşayan biri kimi sentyabrın 27-dən bu yana baş verənləri necə şərh edərdiniz?

- Müharibə başlanan gün çox sevindim. Hələ iyulda Bakıda Orduya dəstək mitinqində mən də iştirak etmişdim. Gecə saat 2-dək orada olmuşdum. Yəni, mübarizəyə oradan başlamışdım. Bir azərbaycanlı kimi, ölkəmiz, xalqımız, Cənab Prezidentimizlə qürur duyuram. İnsanların Ali Baş Komandana sevgisi daha da artıb. Xarici jurnalistlərə müsahibələrini, onların təxribatçı suallarına tutarlı cavablarını gördükdən sonra deyə bilərik ki, biz hər bir mövqedə qalibik. Allah əsgərlərimizin canını sağ eləsin, şəhid olanlara rəhmət diləyirəm. Torpaq şəhidsiz azad olunmur. Düzdür, istəməzdik ki, hansısa ailəyə qara xəbər gəlsin. Ümid edirik ki, yerləri cənnətdir. Biz həqiqətən böyük millətik. Sadəcə, bunu bir az unutmuşduq.

- Ehtiyac yaranarsa, ön cəbhəyə yollanarsınız?

- Mən 3-4 ay əvvəl könüllü şəkildə Orduya yazılmışam. Can-başla vuruşmağa hazıram. Atam könüllü olaraq döyüşə gedəndə biz 3 uşaq idik. Böyük qardaşımın 7 yaşı var idi. Mənim də 3 uşağım var. Onlara aşılamışam ki, ehtiyac olarsa, müharibəyə gedəcəyəm. Yəni, məndən əlinizi üzə bilərsiniz. Bir qarış torpağım üçün canımı verməyə hazıram. Bu arada, Cəbrayıl rayonu, mənə doğma olan Qaracallı kəndi də işğldan azad edilib. 27 illik həsrət bitdi, çox sevincliyəm. Yenidən o yerləri görməyi, orada olmağı səbirsizliklə gözləyirəm.

- "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfovun da hazırda ön cəbhədə olduğu deyilir...

- Bəli, düzdür. Müharibə başlayan kimi cəbhəyə yollanıb. Özü ilə söhbət etməmişəm, amma məlumatım var. Çox dərinə getməyək, sadəcə, onu deyim ki, aktiv şəkildə döyüşlərdə iştirak edir. Onun necə ürəyə sahib olduğunu bilirsiniz. Özü də ağdamlıdır. Belə oğullar varsa, Vətənimiz heç vaxt düşmən tapdağı altında qalmaz.

- Klub prezidentinin bu addımı futbolçulara necə təsir edir?

- Açığı, hazırda öncə Vətəndir. Düzdür, meydana çıxanda oynamaq, qələbə qazanmaq istəyirik. Amma matçadək hamımızın fikrində yalnız Vətən olur. Hər gün, hər saat xəbər gözləyirik ki, görəsən, bu dəfə hansı şad xəbərlər olacaq. Hətta cənab Prezident müraciət edəndə məşqin vaxtını dəyişirik. Diqqətlə Ali Baş Komandanın çıxışını izləyir, işğaldan azad olunmuş rayon və ya kəndlərin adını açıqlayanda alqışlayırıq. Vətənin adı gələndə başqa söhbət ola bilməz. Futbol da bizim işimizdir, bunu axsatmaq olmaz. Amma əsas Vətənimizdir.

Son xəbərlər

Orphus sistemi