Cavid Hüseynov: "Hakimi döymək bizə yaraşmır"

Cavid Hüseynov: "Hakimi döymək bizə yaraşmır" "Millətdə və xalqda belə fikir formalaşır: "Azərbaycanda futbol yoxdur, bunlar da girdilər meydanda bir-birilərini qırdılar, hakimi döydülər". Bu cür hərəkətlər və hakimi döymək bizə, futbol ictimaiyyətinə yaraşmır"
Futbol
235
25 Aprel , 2022 18:12
Cavid Hüseynov: Hakimi döymək bizə yaraşmır

"Millətdə və xalqda belə fikir formalaşır: "Azərbaycanda futbol yoxdur, bunlar da girdilər meydanda bir-birilərini qırdılar, hakimi döydülər". Bu cür hərəkətlər və hakimi döymək bizə, futbol ictimaiyyətinə yaraşmır".

Bunu "Report"a açıqlamasında "Cəbrayıl" komandasının prezidenti və baş məşqçisi Cavid Hüseynov Mingəçevir təmsilçisi "Energetik"ə qarşı Region Liqasının 1/4 final mərhələsinin cavab oyununda rəqib oyunçuların hakimlər briqadasına hücum etmələrinə münasibət bildirərkən deyib.

34 yaşlı mürəxəssis belə bir hadisənin baş verməsinə çox üzüldüyünü bildirib: "Deyiləcək çox söz yoxdur. Bu cür insidentin yaşanmasına ehtiyac belə yox idi".

Hüseynov qarşılaşmadan sonra rəqib klubun prezidenti Ruslan Həmidovla danışdığını söyləyib: "Ona dedim ki, bizim azarkeşlər Mingəçevirdə belə hərəkətlər etməyib. Rəqib 80-ci dəqiqələrdə hakimdən penalti tələb edirdi. Ondan əvvəl də bizim penaltimiz verilmədi. Hakim də insandır, həm bizə, həm də onlara qarşı səhvə yola verə bilər. Rəqibin fikrincə, guya həmin epizod təmiz penalti idi. Amma hadisə cərimə meydançasında olmamışdı. Oyunçumuz topu qapıçıya atmaq istəyəndə səhvə yol verdi və rəqib futbolçu topu ələ keçirdi. Bu məqamda futbolçumuz onu formasından tutdu. Epizod cərimə meydançasının kənarında olduğu üçün hakim oyunçumuza qırmızı vərəqə göstərərək, cərimə zərbəsi təyin etdi".

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi komandasının insidentlə əlaqəsinin olmadığını vurğulayıb: "Biz sülhün tərəfdarı olmuşuq. Klubu yaradanda hər kəsə bildirmişəm ki, həmişə nümunəvi olmalıyıq. Futbolçuların hakimlərlə danışmasına heç icazə də vermirəm. Çünki bizdə buna görə cərimə tətbiq olunur. Region Liqasında azarkeş kütləsi və ab-hava əladı. Amma azarkeşlər bəzən özlərini ələ almalıdırlar. Belə şeylərlə yox, futbolla gündəmə gəlmək lazımdır. Futbolun inkişafı sarıdan hansısa rolda gündəmə gəlsək. daha yaxşı olar".

Veteran futbolçu 90+3-cü dəqiqədə yarımçıq dayandırılmış görüşlə bağlı onların lehinə qərar veriləcəyini diqqətə çatdırıb: "Yarımfinala biz vəsiqə qazanacağıq. Başqa cür ola da bilməz. Yarımfinalda "Qusar"la üz-üzə gələcəyik. Cütün taleyi neytral meydanda bir oyunla həll olunacaq. Görüşün harada keçiriləcəyinə AFFA qərar verəcək. Çempionatın yeni komandasıyıq. Debüt ilimizdə yarımfinaladək irəlilədik. Heç kim bu cür nəticə gözləmirdi. Futbolçulara deyirdim ki, özünüzə inanın. Yarımfinalda əlimizdən gələni edəcəyik. Finala yüksəlmək istəyirik".

"Energetik"in prezidenti Ruslan Həmidov isə bəzi futbolçuların düzgün hərəkət etmədiyini söyləyib: "Bunlar mübahisəli penalti epizodundan sonra baş verdi. Qulağımla eşitməmişəm, gözümlə görməmişəm. Deyirlər ki, yan xətt hakimlərindən biri futbolçuya və ya başqa kiməsə söyüş söyüb. Amma mən bunu eşitməmişəm. Azarkeşlər söymüşdü, meydanda güclü insident yox idi. Sadəcə, oyunçularımızın qeyri-peşəkar olması, Mingəçevirdə böyük futbolun olmaması özünü göstərdi. "Energetik"dəki oyunçular pulsuz, bir qəpiksiz komandanın adını saxlayırlar. Biri ofisiant, digəri zavodda işləyir. Bu uşaqlarla futbolu ayaqda saxlayıram".

Həmidov 3-4 oyunçunun səhv hərəkət etdiyini bildirib: "Kadrlarda hər şey var. Onların tərəfini saxlaya bilmərəm. Belə futbol Mingəçevir şəhərinə yaraşmır. Hakim nə etsə də, onun yöntəmi var. Biz də AFFA-nın qərarlarını gözləyəcəyik".

Qeyd edək ki, 90+3-cü dəqiqədə futbolçular hakimlər briqadasına hücum edib. İnsidentin böyüdüyünü görən referi Rövşən Rəcəbov görüşü dayandırıb və qarşılaşma yarımçıq qalıb. Həmin vaxt matçda hesab açılmayıb. Mingəçevirdəki ilk oyunda "Cəbrayıl" 2:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi