İdman Arbitraj Məhkəməsi (CAS) İspaniya "Sevilya"sının futbolçusu Munir El-Həddadinin Mərakeş yığmasında oynamasına qoyulan qadağa ilə bağlı ikinci apellyasiya şikayətini də rədd edib.
"Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun 2014-cü ildə İspaniya millisində oyun keçirməsini əsas gətirən qurum onun istəyini yenə qəbul etməyib.
FIFA 2018-ci ildə Mərakeş əsilli oyunçunun sözügedən ölkənin yığmasında çıxış etməklə bağlı istəyini rədd edib. Mərakeş Futbol Federasiyası ilə birlikdə CAS-a müraciət edən forvard həmin vaxt da mənfi cavab almışdı. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə FIFA-ya üz tutan oyunçu yenə eyni halla üzləşib.
Qeyd edək ki, Munir El-Haddadi İspaniyada "Barselona" və "Alaves" klublarının da formasını geyinib.