"Dünən oyunun asan keçməyəcəyini demişdim. Çox güclü rəqibə qarşı oynayırdıq. Portuqaliya bu görüşdən öncə yoxlama matçı keçirmişdi. Meydanda bizdən daha diri idi. Bu gün texnika fərqi də özünü göstərdi".
"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Bakıda Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, bəzi oyunçuların meydana çıxmaması çətinlik yaradıb: "Mövsümün əvvəlidir. Bəzi futbolçular fiziki baxımdan əziyyət çəkir. Enerji çatmayanda problem yaranır. Rəqib bizdən daha hazırlıqlı idi. Oyunçu keyfiyyəti çox şeyi həll edir".
65 yaşlı baş məşqçinin sözlərinə görə, addım-addım irəliləmək lazımdır: "İlk növbədə başa düşməliyik ki, qrupun 5-ci komandasıyıq. Əvvəlcə bu mövqedən çıxmalıyıq. Mən sehrbaz deyiləm. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır".
De Byazi deyib ki, yığmanın toplanışa bir həftə tez başlamağını özü xahiş edib: "Bu, fiziki durumla bağlı idi. Bu gün rəqibin bizdən daha güclü oynadığını gördünüz. Əlimizdən gələni etməyə çalışdıq. Amma bizim üçün çox çətin oldu. Son 7 gündə 3-cü matçımız idi".
Təcrübəli mütəxəssis Namik Ələskərovla Mahir Emrelinin çıxışını da dəyərləndirib: "Namikdən razı qaldım, əlindən gələni edib, ürəyini qoydu. Mahirdən daha yaxşısını gözləyirəm. Ümid edirəm ki, bəzi keyfiyyətlərini yaxşılaşdıracaq. Topu daha yaxşı qəbul etməlidir".
O, Azərbaycan millisindəki gələcəyinə də toxunub: "Mən daha real şeylərdən danışmağa öyrəşmişəm. Son vaxtlar adımı müxtəlif yığmalarla hallanır. Seçmə mərhələnin sonunda müqaviləm başa çatır. AFFA rəhbərliyi ilə danışacağam. Razılıq versələr, qalacağam. Buraya gələndə məni hansı çətinliyin gözlədiyini bilirdim. Amma evi aşağıdan tikirlər. Digər tərəfdən, heç vaxt Azərbaycanda xoşbəxt olmadığımı deməmişəm. Əksinə, burada hər şey məni qane edir".
De Byazi millinin start heyətini özünün müəyyənləşdirməməsi ilə bağlı söz-söhbətə aydınlıq gətirib: "Çox gözəl, çox xoşuma gəldi. Heç vaxt sosial şəbəkələrə baxmıram. Sizə də vaxtınızı boş-boş şeylərə sərf etməməyi məsləhət görürəm. Əmin ol, mənə heç kim deyə bilməz ki, bu futbolçunu oynat. Mənim öz fikirlərim var".
Baş məşqçi Rəhim Sadıxovun yığmada öz potensialından aşağı çıxış etməsinin səbəbini də açıqlayıb: "Sumqayıt" milli komanda deyil. Amma Rəhim yaxşı keyfiyyətə malik futbolçudur. Özünü tam göstərə bilməsi üçün ona vaxt lazımdır".
De Byazi Filip Ozobiçin oyunu ilə bağlı da fikirlərini bölüşüb: "O, təcrübəli oyunçudur. Bizə xeyir verə bilər. Ona da müəyyən qədər zaman lazımdır".
Mütəxəssis "Qarabağ"ın UEFA Konfrans Liqasındakı şanslarını da qiymətləndirib: "Qrupa baxanda çox da çətin olmayacağını düşünürəm. Fikrimcə, "Qarabağ" qrupdan çıxa bilər. Bu, bizim üçün də yaxşı olar. Ümid edək ki, bunu bacaracaqlar".