"Bizim işimizi yalnız nəticələrlə dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbolun inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Bizim ideyalarımız var və istəklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsalar da, onlarla başabaş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
65 yaşlı mütəxəssis gənc oyunçularının olduğunu söyləyib: "Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-dək oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların əksəriyyətini zədə səbəbindən itirdik".
İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib.
"Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram", - deyə o vurğulayıb.
De Byazi sabahkı oyunun inkişaf baxımından komanda üçün önəmli olduğunu söyləyib: "Ümumilikdə vəziyyət çətindir, az sayda komanda var və çempionatda cəmi 8 klub çıxış edir, 40 oyunçu arasında seçim imkanım var. Oyunlarda 3 top buraxaraq uduzuruq, ancaq meydandakı mübarizədə o qədər fərq yoxdur. O ki qaldı Qətərlə matça, bizdən fərqli olaraq, onların seçim imkanı daha genişdir".
Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.