“Gent”lə matçda “Qarabağ”da gənc qapıçının meydanda olması o deməkdir ki, həyəcanlı dəqiqələrimiz olacaq”.
Bunu “Report”a müsahibəsində “Qarabağ”ın sabiq qapıçısı Cahangir Həsənzadə Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent”lə oyunda qapını Amin Ramazanovun qoruma ehtimalı ilə bağlı danışarkən deyib.
AFFA-nın Texniki direktoru bildirib ki, Azərbaycan çemionunda qapıçı məsələsi həssas mövzudur. 44 yaşlı mütəxəssis Şahruddin Məhəmmədəliyevin yoxluğunda çərçivə ilə bağlı problemin yaşanacağını istisna etməyib: “Burada bir çox amillər komandanın siyasətinə təsir edir. Qapıçılardan biri perspektivli gənc Amin Ramazanov, digəri isə təcrübəli, amma kifayət qədər oyun təcrübəsi olmayan Luka Quqeşaşvilidir. Baş məşqçi Qurban Qurbanovun kimə güvənəcəyini matç günü biləcəyik”.
C. Həsənzadənin fikrincə, “Gent”lə fevralın 16-da Bakıda baş tutacaq görüş Amin Ramazanova karyerasında yüksəlişə keçmək üçün şans ola bilər: “Bu oyun peşəkar karyerasında irəli getməkdə ona böyük təkan verəcək. İstənilən halda qapıçıya oyun praktikası çox vacibdir. Bilavasitə bu cür məsuliyyətli görüş olduğu zaman təcrübə birəbaş artır. Yəqin ki, bütün bunları ölçüb-biçiblər. Qapıda kimin dayanmasından asılı olmayaraq, “Qarabağ”a “Gent”lə görüşlərdə uğurlar arzulayıram”.
Cahangir Həsənzadənin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.